11:05, 19 Noyabr 2019 (Çərşənbə axşamı) 66

Paşinyanı ‘Azərbaycana güzəştə hazır olmaqda’ ittiham edirlər

Paşinyanı ‘Azərbaycana güzəştə hazır olmaqda’ ittiham edirlər


/ DÜNYA
Ermənistanda hakim "Mənim addımım” parlament fraksiyası "Daşnaksutyun” Erməni İnqilabi Federasiyasının keçmiş sədr müavini Grant Markaryanın ittihamlarını rədd edib və bildirib ki, bu partiya "Ermənistan ordusunu qarət edən hökumət koalisiyasının” üzvü olub.

"Mənim addımım” fraksiyasının deputatı Ayk Gevorkyan xatırladıb ki, Daşnaksutyun partiyası "milyardları qəsb edən və orduya qurdlu kartof yedizdirən koalisiyanın” üzvü olduğunu unutmamalıdır.

AzadlıqRadiosu Erməni xidmətinin yazdığına görə bundan əvvəl Grant Markaryan baş nazir Nikol Paşinyanı Qarabağ siyasətinə görə sərt tənqid etmişdi.

O demişdi ki, Paşinyan "münaqişə həm Qarabağ, həm Ermənistan, həm də Azərbaycan üçün məqbul şəkildə çözülməlidir” deməklə ondan əvvəlki prezidentlərin getmədiyi güzəştlərə hazır olduğunu bildirmək istəyir.

Daşnaksütyun nümayəndəsi bunu da demişdi ki, onda Qarabağa dair hər hansı ciddi narahatlıq yaransa, bu hakimiyyətin getməsi üçün bacardığını edəcək.

Ermənistan parlamenti müdafiə və təhlükəsizlik komitəsinin sədri Andranik Koçaryan isə Daşnaksütyun nümayəndəsinin tənqidinə cavab olaraq bildirib ki, Ermənistan ordusunu məhz bu partiyanın daxil olduğu keçmiş hökumət korrupsiya proseslərinə cəlb edib.

Paşinyanın "münaqişənin həlli üç tərəf üçün məqbul olmalıdır” bəyanatına gəlincə isə, Andranik Koçaryan deyib ki, "üç tərəfin razılığı olmadan uzunmüddətli və ləyaqətli sülh mümkün deyil”.

Koçaryan deyib ki, bu gün Ermənistan, bir-iki il əvvəl, ən azı 2016-cı ildə olduğundan daha möhkəm sülh şəraitindədir:

"2016-cı ildə nə olmuşdu? Minsk qrupu onda da var idi. Amma nəsə olmuşdu axı...İstintaq komissiyasının diqqəti bunun səbəbini aydınlaşdırmağa yönəlib. Bilməliyik ki, bu hibrid müharibəsi niyə olub, amma guya müharibə olmamalıydı axı...”

Hakim partiyadan Ayk Gevorkyan isə bildirib ki, keçmiş hakimiyyət indi özünü müxalifət kimi təqdim etməyə çalışır, halbuki ölkəyə yeni müxalifət lazımdır.