21:25, 05 Fevral 2019 (Çərşənbə axşamı) 424

Penitensiar Xidmət aclıq aksiyası xəbərini təkzib edib

Penitensiar Xidmət aclıq aksiyası xəbərini təkzib edib
Penitensiar Xidmət Qobustan həbsxanasında Nardaran məhbusları - "Müsəlman Birliyi" hərəkatının sədri Taleh Bağırov və Abbas Hüseynovun təzyiqlərə etiraz olaraq, aclıq aksiyası keçirməsi barədə məlumatları təkzib edir.

"Azadlıq Radiosu"-nun xəbərinə görə, qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna deyib ki, istər onların işgəncəyə məruz qalması, istərsə də aclıq aksiyası keçirmələri haqda xəbərlər doğru deyil:

"Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrində hər hansı bir məhkuma qarşı işgəncə, yaxud insan ləyaqətini alçaldan hərəkətlərə yol verilmir. Hazırda cəza çəkənlər tərəfindən heç bir aclıq aksiyası da keçirilmir".

İlahiyyatçı Taleh Bağırovun xanımı Leyla İsmayılzadə isə deyir ki, onlara həbsxanadan həm həyat yoldaşının, həm də Abbas Hüseynovun aclıq etməsi barədə məlumat daxil olub.

Leyla İsmayılzadənin sözlərinə görə, Taleh Bağırovun ötən bir həftə ərzində telefon zəngi hüququndan istifadə etməməsi, evlə əlaqə saxlamaması onun aclıq etməsi haqda deyilənlərin doğru olduğunu düşünməyə əsas verir.

"Penitensiar Xidmət olan hadisələri də təkzib edir. Təzyiqlərlə əlaqədar bir müddət əvvəl Penitensiar Xidmətdə qəbulda oldum, hətta nümayəndə gedib həbsxanada özü ilə də görüşmüşdü. Amma yenə də olanları təkzib etdilər", – Leyla İsmayılzadə Penitensiar Xidmətin aclıq aksiyası barədə xəbərləri təkzib etməsinə münasibət bildirərkən deyib.