19:33, 23 Sentyabr 2019 (Bazar ertəsi) 91

Penitensiar Xidmət: "Əfqan Muxtarlı bu gündən aclığa başlayıb"

Penitensiar Xidmət:
Penitensiar Xidmət jurnalist Əfqan Muxtarlının Cəzaçəkmə Müəssisəsində aclıq aksiya keçirməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Bu barədə APA məlumat yayıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov açıqlamasında bildirib ki, Əfqan Muxtarlı dünən 16 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinə aclıq aksiyasına başlaması ilə əlaqədar rəsmi məlumat verib: "O, bu gündən aclığa başlayıb. Əfqan Muxtarlı digər məhkumlardan təcrid edilib. Hal-hazırda səhhətində problem yoxdur. Həkim nəzarətindədir”.

Ə.Muxtarlı onunla görüşə gələn vəkil Nemət Kərimlinin Cəzaçəkmə Müəssisəsində kobud davranışla üzləşdiyini iddia edərək aclığa başladığını bəyan edib. 

Oturum izni ilə Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da "yoxa” çıxıb və səhəri gün Azərbaycanda həbs edilib. Onun dediyinə görə, Tbilisidə saxlanıb, işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub. Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edib.Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb.

Əfqan Muxtarlı 6 il azadlıqdan məhrum edilib.