13:06, 23 Sentyabr 2019 (Bazar ertəsi) 167

Penitensiar Xidmət: "Jurnalistin aclıq aksiyası ilə bağlı heç bir məlumatımız yoxdur"

Penitensiar Xidmət:
"Dünənə qədər Əfqan Muxtarlının aclıq aksiyası keçirməsi ilə bağlı heç bir məlumat olmayıb."

Bunu Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov jurnalist Əfqan Muxtarlının 16 saylı Cəzaçəkmə Müəssisəsində sentyabrın 22-dən aclıq aksiyasına başlaması barədə məlumatlara münasibət bildirərkən deyib.

Ə.Muxtarlının adından yayılan açıqlamada aclıq aksiyasına başlamasına səbəb kimi onunla görüşə gələn vəkil Nemət Kərimlinin 16 saylı Cəzaçəkmə Müəssisəsində kobud davranışla üzləşməsi göstərilib. 

M.Sadıqov isə cəzaçəkmə müəssisəsində vəkilə əməkdaşların zorakılıq etməsi ilə bağlı açıqlamanın inandırıcı olmadığını söyləyib.

"Söhbət ondan gedir ki, 100-lərlə vəkil müdafiə etdikləri şəxslərə baş çəkmək üçün cəzaçəkmə müəssisəsinə gəlirlər. Onlara qarşı nə zorakılıq olur, nə də məhdudiyyətlər qoyulur. Amma vəkil iddia edirsə belə hal olub, o zaman Penitensiar Xidmətə müraciət etsin və bu məsələ araşdırılsın" -M.Sadıqov bildirib.

Öz növbəsində vəkil Nemət Kərimli də bu məsələ ilə bağlı bugün, sentyabrın 23-də rəsmi qaydada şikayət verəcəyini açıqlayıb.

16 saylı cəzaçəkmə müəssisəsində saxlanan jurnalist Əfqan Muxtarlının sentyabrın 22-dən aclıq aksiyasına başladığını bildirilir.

Əfqan Muxtarlı isə qaçaqmalçılıqda, sərhədi qanunsuz keçməkdə və hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə ittiham olunaraq 2017-ci ildə həbs edilib.O, ittihamları qurama sayır. 2014-cü cü ildən mühacirətə gedən jurnalst Gürcüstandan oğurlanaraq Azərbaycana gətirildiyini bəyan edib.O bu məsələdə Gürcüstanın hüquq mühafizə orqanlarını da günahkar sayır.Amma həmin vaxt Gürcüstan baş naziri onlara qarşı ittihamların əsasız olduğunu açıqlamışdı.

Mənbə: Azadlıq Radiosu