18:00, 19 Yanvar 2020 (Bazar) 223

Pensiyalar nə qədər artacaq?

Pensiyalar nə qədər artacaq?
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu ay pensiyaların artacağını deyib.

O, bunu yanvarın 18-də kollegiya iclasında bildirib.

Nazirin sözlərinə görə, sosial sahədə inqilabi addımların atılıb, 4 milyon 200 min vətəndaşın rifahına birbaşa dəstəyi təmin edən iki islahat paketi ötən ilin ən mühüm nailiyyətlərindən olub: "Bu ay ərzində indeksləşdirmə nəticəsində ölkədə pensiyalarda növbəti artım ediləcək”.

Sahil Babayev deyib ki, sosial ödənişlərdə edilən ciddi artımlar beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir: "2019-cu ildə orta aylıq pensiyanın 15 faiz, o cümlədən, yaşa görə pensiyanın 15 faiz, əlilliyə görə pensiyanın 22 faiz artıb”.

İqtisadçı Qubad İbadoğlu da deyir ki, minimum pensiya məbləği 230 manatadək qalxa bilər.

Bu barədə öz feysbuk hesabında yazan iqtisadçı deyir ki, 2019-cu ilin yanvar-oktyabr ayları üzrə orta aylıq nominal əmək haqqı 2018-ci ilin yanvar-oktyabr aylarına nisbətən 13,7 faiz artaraq 614,2 manat təşkil edib.

İqtisadçının sözlərinə görə, son müşavirədə dekabr ayında orta aylıq əmək haqqının 723 manata çatdığı bildirilsə də, illik artım tempi hələ də açıqlanmayıb: "Orta aylıq nominal əmək haqqının illik artım tempi bu il üçün pensiyaların indeksləşdirilməsinə tətbiq olunan əmsal olduğundan onun yaxın vaxtlarda açıqlanması pensiyaların hansı səviyyədə indeksləşdiriləcəyini müəyyənləşdirməyə imkan verir. Hazırkı templərlə görsənir ki, bu ildən pensiyalar təxminən 15 faiz səviyyəsində indeksləşdirilərək artırılmalıdır. Əslində bu aydan tətbiq olunan artım gələn aydan pensiyalara əlavə olunacaq. Bu halda minimum pensiya məbləği də 200 manatdan 230 manatadək qalxa bilər”.

2019-cu ildə rəsmi statistik məlumatlarda Azərbaycanda inflyasiyanın səviyyəsi 2,6 faiz təşkil edib.

Qubad İbadoğlu bu rəqəmlərin şübhə doğurduğunu deyir: "İnflyasiya hesablaması şübhə doğuraraq mövcud gerçəkliyi təhrif edir. Əslində ötən il Azərbaycanda inflyasıya səviyyəsi daha yüksək olub. Ən azı 2019-cu ildə manatın dövr sürətinin aşağı düşdüyü halda dövriyyədə manatla pul bazasının il ərazində 24 faiz artması bu qənaətə gəlməyə ciddi əsaslar yaradır”.
 
Elmar Əziz