18:25, 07 Mart 2019 (Cümə axşamı) 399

"Peyvənd vacibdir" - Pediatr

"Həkim dedi ki, uşaqdakı problem peyvənddən sonra olub”.

Bunu Toplum.Tv-yə adını açıqlamaq istəməyən bir valideyn deyib. 

Onun dediyinə görə uşağın səhhətində əvvəllər heç bir problem yox imiş.  Sonradan isə nitq və eşitməsində məhdudiyyətlər yaranıb. Həkim isə valideynə deyib ki, uşaqdakı problemlər anadan gəlmə deyil. 

"Bir peyvənd var idi ki, uşağın buduna vurdular. O iynədən sonra əməlli başlı pisləşdi. Qızdırması oldu, uşağın ayağı şişmişdi. Həkiminə zəng etdik, dedi bu normal haldır.  O iynədən sonra isə uşaqda problemlər yarandı. Bu gün uşağımın 20 yaşı var və hələ də fəsadlarını daşıyır”.

Peyvənd insanlarda bəzi xəstəliklərə qarşı imunitet yaratmaq üçün bədənə yeridilən zəifləşdirilmiş xəstəlik virusu, xəstəliyin daşıyıcılarından ibarət olan dərman məhluludur. 

Azərbaycanda da Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Milli peyvənd təqvimi var. Amma bir çox valideynlər peyvəndlərin keyfiyyətinə etibar etmədiyi üçün və peyvəndlərin sonradan uşaqların səhhətində müəyyən fəsadlar yarada biləcəyindən ehtiyat edərək peyvəndən imtina edirlər. 

Həkimlər isə peyvəndin vacib olduğunu deyir. 

Pediatr Aytən İsmayılzadə isə peyvəndlərin keyfiyyətsiz olması ilə razılaşmır. 

O, Toplum Tv-yə bildirib ki, əksinə peyvənddən imtina bəzi xəstəliklərin artması ilə nəticələnə bilər: "İnsanlarda belə bir fikir var ki, ölkəyə gətirilən peyvəndlər keyfiyyətsizdir. Amma həqiqətən deyildiyi kimi olsaydı, ölkədə epidemiya yayılardı. Doğrudur, epidemiyaya yaxınlaşırıq, amma bunun səbəbi peyvənd vurulmayan insanlardır. O zaman peyvəndin keyfiyyətsizliyindən danışmaq olardı ki, peyvəndi edəndən sonra ölkədə kütləvi yayılma olsun. Əgər sən öz ölkənin həkiminə güvənmirsənsə, get xaricdə peyvəndi vurdur, sonra gəl. Peyvəndsiz gəzmək, digərlərinə təhlükə törətmək birbaşa cinayətdir. Məsələn, bir valideyn deyir ki, uşağım nevroloji xəstədir. Bu uşağa peyvənd olmaz. Valideyn deyir ki, bəs mən bu uşağı necə qoruyum? Deyirəm, uşağı qorumağın tək yolu digərlərinə peyvənd etməkdir”.

Aytən İsmayılzadə uşaqlarda peyvənddən sonra fəsadların yaranması barədə deyilənlərin doğru olmadığını deyir: "Peyvəndlərin heç biri yüz faiz qorunma vermir. Ən yaxşı halda 96-97 faiz qorunma verir. Amma bu da az rəqəm deyil. Peyvənddən sonra fəsadın yarandığını daha çox psixoloji mərkəzlərdə deyirlər. Çünki nəsə deməlidirlər. Bundan başqa, beyin atrofeyası, yəni beyin əriməsi adlı bir xəstəlik var. Uşaq müəyyən müddət çox normal davranır. Bir müddət sonra isə əqli geriləmə başlayır. Xəstəlik valideyn tərəfindən bilinəndən sonra deyirlər ki, peyvənddən sonra oldu. Axı bu xəstəlik genetik faktorludur. Valideynlər analizi verib uşaqda hansı genetik xəstəliyin olduğunu bilməliydilər”.

Həkim-pediatr peyvənd mövzusunda insanlara seçim şansı verilməsinə qarşı çıxır: "Xaricdə peyvənd məcburidir, bizdə isə seçim şansı verilir. Səhiyyə nazirliyindən xəstəxanalara gəlib baxsalar, görərlər ki, peyvənddən imtina ərizəsi ilə doludur sənədlər. Sual verilməlidir, niyə imtina edilir. İki halda biz peyvənd vurmaya bilərik. Əks göstəriş olmalıdır, ya da uşağa əl çatımlılığımız olmayanda”.

Azərbaycanın milli peyvənd təqvimində 10-dan çox xəstəliyə qarşı peyvənd nəzərdə tutulur. 

Lalə Möhsümova
Toplum.Tv