13:45, 11 İyul 2019 (Cümə axşamı) 260

"Peyvəndin əks təsirinə məruz qaldım, sağlamlığımı itirdim"

"Orta təhsili fərdi müəllimlərdən almışam. Sonra isə Sumqayıt Texniki Kollecinə qəbul olmuşam".

Bunu Toplum.Tv-yə Yusif Əlili deyir.

O, 1996-ci il tarixində Sumqayıt şəhərində anadan olub.

Yusif fiziki məhdudiyyətlə - əlilliyi olan, lakin sosial-ictimai fəaliyyətlə məşğul olan gənclərdəndir.

Onun sözlərinə görə, uşaq vaxtı həkim səhlənkarlığı nəticəsində fiziki sağlamlığını itirib.

"3 aylıq ikən peyvəndin əks təsirinə məruz qalaraq həyatımın geri qalanını əlil arabası ilə keçirməliyəm", - o deyir. 

Amma bütün bunlar Yusifin gələcəyə, həyata baxışını dəyişmir: "Nikbinəm, gələcəyə ümidlə baxıram. Allaha şükür ki, hər şeyin yaxşı olacağına inanıram".

Yusif deyir ki, əsl fiziki məhdudiyyətli insanlar sağlam düşüncəyə malik olmayanlardır.

O, dövlətin ona göstərdiyi qayğıdan da narazı olmadığını qeyd edir.

Cəmiyyətdə aktiv bir gənc olduğunu deyən Yusif müxtəlif gənclər təşkilatları ilə də əməkdaşlıq etdiyini, sosial məsələlərdə aktiv olduğunu bildirir.

Yusif gənclərə gələcəyin təhsil və elmdən asılı olduğunu bildirir, yaşıdlarına kitab oxumağı tövsiyə edir. 

O hesab edir ki, gənclərin aktivliyi elm və təhsilə birbaşa əlaqəlidir. 

Şəmsiyyə İbişova
Toplum.Tv