19:22, 19 Avqust 2019 (Bazar ertəsi) 97

"PKK-nın Türkiyə daxilindəki siyasi uzantıları neytrallaşdırılır"



/ DÜNYA
Türkiyədə Daxili İşlər Nazirliyi ölkədəki azlıqların müdafiəsini təşkil edən siyasi partiyanın - Xalqların Demokratik Partiyasının (HDP) nəzarətində olan Diyarbakır, Mardin və Vanda böyükşəhər bələdiyyə başçılarını vəzifədən kənarlaşdırıb.

Diyarbakır Böyükşəhər Bələdiyyəsi başqanı Adnan Selçuk Mızraklı, Mardin Böyükşəhər Bələdiyyəsi başqanı Əhməd Türk və Van Böyükşəhər Bələdiyyəsi başqanı Bedia Özgökçe Ertan vəzifədən çıxarılıb.

Diyarbakır valisi Həsən Basri Gözəloğlu, Mardin valisi Mustafa Yaman, Van valisi Mehmet Emin Bilmez bələdiyyə başqan vəkili olaraq onların yerinə vəzifəyə təyin ediliblər.
Daxili İşlər Nazirliyinin verdiyi açıqlamada Mızraklı, Türk və Ertanın "terror təşkilatları ilə təmasda olduğu”, "terror təşkilatlarına dəstək verdikləri ilə bağlı dəlil tapıldığı” bildirilir.
Açıqlamada qeyd edilir ki, üç bələdiyyə başçısı "haqlarındakı məhkəmə və inzibati dindirilmə səbəbindən və istintaqın sağlam aparılması üçün” Konstitusiyanın 127-ci maddəsi, 5393 saylı Bələdiyyələr Qanununun 47-ci maddəsi əsas götürülərək vəzifələrindən uzaqlaşdırılıb.

Bundan əlavə, eyni qanunun 45-ci maddəsinə uyğun olaraq, bələdiyyə başçılarının yerinə onların müavinləri təyin edilib.

Açıqlamada həmçinin vəzifədən kənarlaşdırılmış bələdiyyə başqanlarına gəlincə qeyd edilir ki, onlar "bələdiyyələri terrorçu fəaliyyətlərə dəstək vermək üçün militan, maliyyə qaynaq və avadanlıqların təmin edildiyi logistik mərkəzlər kimi istifadə ediblər".

Daxili İşlər Nazirliyi deyib ki, bələdiyyə başqanlarından Adnan Selçuk Mızraklı haqda 1 ittiham və 8 istintaq, Ahmet Türklə bağlı 2 ittiham və 4 istintaq, Bedia Ozgokce Ertan haqda isə 1 ittiham və 6 istintaq mövcuddur.

Qərar elan edilməzdən əvvəl Diyarbakır, Mardin və Van bələdiyyələri polis mühasirəsinə alınıb.

Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu öz feysbuk hesabında yazıb ki, Türkiyə 3 tərəfdən terrorla mübarizə aparır: "Türkiyə tarixində terrora qarşı, bəlkə də, bu qədər hərtərəfli və genişhəcmli mübarizə tədbirləri həyata keçirməyib. Türkiyə eyni zamanda 3 istiqamətdə terrorla mübarizə aparır. Birincisi, FETÖ üzvlərinin həbsləri davam edir, dövlət struktrları təmizlənir, Avropadakı uzantıları axtarışa verilib. İkincisi, Suriyada PKK-PYD qruplaşmasına qarşı aparılan əməliyyatlara biri də bugünlərdə əlavə olunacaq. Üçüncüsü, Türkiyə ordusu ayrıca İraqda PKK mövqelərini də bombalamaqda davam edir. Bundan başqa, PKK-nın Türkiyə daxilindəki siyasi uzantıları da neytrallaşdırılır”.

Politoloqun fikrincə, bu addım təsadüfi deyil.  

O, vəzifədən uzaqlaşdırılan bələdiyyə başqanlarının terrorçuluqla məşğul olduğunu yazıb: "Vəzifədən uzaqlaşdırılan bələdiyyə başçıları bölgə insanının rihafına çalışmaq əvəzinə PKK-ya maliyyə və texnik dəstək saxlayırmış. Belə hallar keçmiş illərdə də olub. Türkiyə böyük və güclü dövlətdir, gərəkən halda terrorla mübarizəyə 4-cü və 5-ci istiqamətləri də əlavə edə bilər. Şübhə etmirəm ki, Avropadan yenə həbslərlə bağlı "Türkiyədə insan haqları pozulur” səsləri eşidiləcək, ancaq Türkiyənin yolu bəllidir və bu səslər onu yolundan sapdırmayacaq”.

Əbülfət Baxşəli