13:45, 23 Avqust 2019 (Cümə) 71

Polis polkovniklərini qətlə yetirməkdə təqsirləndirilən şəxsin vəkili danışdı

Polis polkovniklərini qətlə yetirməkdə təqsirləndirilən şəxsin vəkili danışdı
Gəncə hadisələrilə bağlı 8 nəfərlik daha bir qrupun - Eşqin Quliyev, Urfan Məmmədov, Rəşad Böyükkişiyev, Abbas Abbasov, Hüseyn Bayramov, Elşən Məmmədov, Oqtay Hüseynzadə və Rauf Bayramovun məhkəməsi başa çatır. Artıq məhkəmə istintaqı yekunlaşıb, prokuror da təqsirləndirilən şəxslərə cəza istəyib. Onun istədiyi cəzaların ən yüngülü 4 il, ən ağırı isə ömürlük həbs olub.

Bu 8 nəfər Gəncədə ötən il iyulun 10-da keçirilən aksiyada Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev və Nizami rayon Polis İdarəsinin rəis müavini Səməd Abbasovu qətlə yetirməkdə, quldurluq, soyğunçuluq və s. əməllərdə ittiham olunurlar. Təqsirləndirilən şəxslərdən bir neçəsinə 23, qalanlarına da 30 maddə ilə ittiham irəli sürülüb. İddia olunur ki, axtarış vaxtı təqsirləndirilən şəxslərin evlərindən silahlar, qumbara tapılıb.

Polis polkovniklərini xəncərlə qətlə yetirməkdə təqsirləndirilən Rəşad Böyükkişiyev hadisədən iki gün sonra polislər tərəfindən öldürülüb. Lakin onun adı da təqsirləndirilən şəxslər sırasında yer alıb.

Avqustun 22-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xaqani Səmədovun sədrliyilə keçirilən məhkəmə prosesində R.Böyükkişiyevin vəkili Zərifə Əlizadə çıxış edərək, onun barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib. Vəkil bildirib ki, Rəşada qarşı 30 maddə ilə ittihamlar istintaq vaxtı da sübuta yetirilməyib, məhkəmədə də sübuta yetirilmədi. Prokuror bu maddələrdən ikisindən imtina etsə də, vəkili qane etmir.

Urfan Məmmədovun vəkili Qanqa İbrahimov məhkəmə istintaqının təzələnməsi haqda vəsatət qaldırmaq istəsə də, hakimlər imkan verməyib.

Digər təqsirləndirilən şəxslər Rauf Bayramov və Elşən Məmmədovun vəkilləri də çıxış ediblər. Onlar da hüquqlarını müdafiə etdikləri şəxslərə bəraət verilməsini istəyiblər. Bildiriblər ki, ittihamlar əsassızdır, ortada heç bir sübut yoxdur.

Oğlu Hüseyn Bayramovla birlikdə mühakimə olunan Rauf Bayramov molla olub. Vəkili bildirib ki, o, dövlət orqanlarında da qeydiyyatda olub. İttihamda yazılıb ki, axtarış zamanı onun evindən marixuana torbası və çoxlu güllələr, əl qumbarası tapılıb.

"Rauf Bayramov iyulun 22-də saxlanılıb. Həbsindən dörd gün sonra da evdə axtarış aparılıb. Məhkəmədə bildirdi ki, "məni polis idarəsinə çağırırdılar, oğlumla maraqlanırdılar, evdə qanunsuz əşya olsa belə, onu saxlayardımmı?” Adam düz deyir də...”, - deyə vəkil İsmayıl Abuşov bildirib.

Prokuror həm Rauf Bayramov, həm də Elşən Məmmədovla bağlı qəsdən adam öldürmə, quldurluq və s. ittihamlardan imtina edərək, onların üzərində Cinayət Məcəlləsinin 307 (cinayəti bilib xəbər verməmə), 228 (qanunsuz silah-sursat saxlama) və 234.4.3 (satış məqsədilə külli mirdaqda narkotik əldə etmə, saxlama) maddələrinin saxlanmasını istəyib.

Vəkillər bu ittihamların da əsassız olduğunu bildirirlər.

Digər vəkillərə söz veriləndə isə onlar çıxışa hazır olmadıqlarını bildiriblər, məhkəmədən iki həftə vaxt istəyiblər. Bildiriblər ki, prokuror onların müvəkkillərinə 23 maddə ilə kifayət qədər ağır cəzalar istəyib. Onlara da çıxışa hazırlaşmaqdan ötrü vaxt lazımdır.

Hakim isə vəkillərin istəyinə belə cavab verib:

"Sizə iki həftə vaxt lazımdır? Sabaha qədər vaxt verilir”.

Məhkəmə prosesi avqustun 23-nə qədər təxirə salınıb.

Meydan.Tv