11:18, 15 May 2019 (Çərşənbə) 138

Polis rəisinin müavini işgəncə verməkdə təqsirli bilinsə də cəza verilməyib

Polis rəisinin müavini işgəncə verməkdə təqsirli bilinsə də cəza verilməyib
Mayın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinin sabiq rəis müavini Əliqulu Ağaliyev haqqında hökm çıxarılıb.

Hakim İradə Həsənzadənin sədrliyilə çıxarılan hökmə əsasən, o, bir neçə il əvvəl 10-cu polis bölməsinin əməkdaşlarının saxladığı Əli Allahverdiyevə işgəncə verilməsində təqsirli bilinib.

Ə.Allahverdiyev həmin vaxt oğurluqda şübhəli bilinərək tutulubmuş. O, artıq həmin iş üzrə cəzasını çəkib. Bundan sonra şikayət edib, işgəncəyə məruz qaldığını bildirib.

Ə.Ağaliyev Cinayət Məcəlləsinin 293.2-ci (dövlət orqanının vəzifəli şəxsi tərəfindən, yaxud onun xəbəri, iştirakı olmaqla, başqasına işgəncə vermə, qəddar, qeyri-insani davranış) maddəsilə ittiham olunurdu. Məhkəmə hökmündə ittiham 293.1 maddəsinə tövsif olunub.

Cinayət qanunvericiliyinə əsasən, bəzi əməllər var ki, onlarla bağlı məsuliyyətə cəlbetmə müddəti müəyyənləşdirilib. Ə.Allahverdiyevin polis bölməsində döyülməsindən bir neçə il keçdiyinə görə məhkəmə bu məsələdə cəlbetmə müddətinin ötməsi qərarına gəlib. Bu səbəbdən sabiq polis rəisinin müavini təqsirli bilinsə də, ona cəza təyin edilməyib.
 
Meydan.Tv