23:28, 26 Mart 2020 (Cümə axşamı) 13316

“Polislər gəlib məclisi dağıtdılar, qaynatama dedilər ki...”

“Polislər gəlib məclisi dağıtdılar, qaynatama dedilər ki...”
Ölüm haqdır və zaman seçmir. COVİD-19 təhlükəsinə görə Azərbaycanda yas mərasimlərinin qadağan olunması yaxınını-doğmasını itirənləri çətin vəziyyətdə qoyub. 

Onlar başsağlığına gələnləri layiqincə qarşılayıb, ehsan süfrəsinə dəvət edə bilmədiklərinə görə narahat olduqlarını deyirlər. 

Azərbaycan xalqının isə əsrlərdən keçib gələn yas adət-ənənələri var.

Saatlı sakini Vəfa Ağayevanın (ad şərtidir) həyat yoldaşı qadağanın qoyulduğu gün ağır xəstəlikdən vəfat edib. Onlar 1 günlük yas məclisi qurmaq istəsələr də, icazə verilməyib: "Qərar xəbərini hələ eşitməmişdik, həyətdə 2 çadır qurmuşduq. 15 dəqiqə sonra çadırın sahibləri zəng vurdular ki, bizə xəbərdarlıq edilib, icazə yoxdur, çadırları sökün”. 

V.Ağayevanın sözlərinə görə, xəbəri aldıqdan sonra onlar Saatlı Rayon İcra hakimiyyətinə, rayon prokurorluğuna müraciət etsələr də, icazə ala bilməyiblər. 

O hətta polis təhdidi ilə də qarşılaşdıqlarını deyir: "İstədik evimizdə heç olmasa 1 dəfə cümə axşamı verək, bir də gördük, polislər gəlib məclisi dağıtdılar. Hətta qaynatama dedilər ki, evdə qazan qaynasa, gəlib qazanı aşırdarıq”. 

Yas sahibləri koronavirusa qarşı mübarizənin vacib olduğunu, hətta qonaqların evə gələrkən və gedərkən spirtləndiyini, evin mümkün qədər təmiz saxlanmasına riayət etdiklərini bildirirlər. 

"Düzdür, ölən öldükdən sonra məclisin, yasın heç bir mənası qalmır, amma son mənəvi borcumuzu da yerinə yetirməyə qoymurlar, bir ehsanı da bizə çox görürlər”, - Vəfa Ağayeva deyir. 

Onun sözlərinə görə, kənd camaatı qadağaya məhəl qoymadan başsağlığına gəlir, hətta hərdən bir otağa 20-30 nəfərin toplaşdığı da olur. 

"Təzəpir” məscidinin axundu Hacı Cəlil isə yas qadağası haqda əhalini məlumatlandırdıqlarını bildirir: "Cümə namazına, camaat namazına icazə verilmir. Yası düşən şəxslərə müraciətimizi etmişik, onlar da başa düşməlidir ki, bu tədbirlər onların sağlamlıqları üçün vacibdir”. 

Həmin məscidin mühafizəçisi Minşah Mirzəzadə son 10 gündə yas mərasimi üçün müraciət edənlərin sayının azaldığını söyləyib: "Yas mərasimlərinə görə gələn olir. Amma deyirik ki, icazə yoxdur, narazılıq etsələr də, başa düşüb geri qayıdırlar”. 

Dini məsələlər üzrə ekspert Elşad Miri yas mərasimlərinə qoyulan qadağanı doğru addım sayır: "İndi nə cürdür? Vəfat edəni dəfn edirik, yas mərasimi bitir. Çadır yoxdur, mərasim zalı yoxdur. İslamın istədiyi də budur elə. Biz yas mərasimini xüsusi mərasim zallarında keçiririk, 3, 7, 40 veririk. Bunlar hamısı sonradan uydurulmuş adətlərdir”. 

Elşad Miri hesab edir ki, yaxınların-doğmaların yasa vacib deyil, "telefonla da başsağlığı vermək olar və bu daha təhlükəsiz olar”. 

Rəsmi məlumata görə, Azərbaycanda koronavirusa 122 nəfər yoluxub, 3 nəfər vəfat edib. Onlardan 15 nəfərinsə sağalıb evinə buraxıldığı deyilir. Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə 3000-dən yuxarı şəxsin karantində saxlandığı açıqlanıb. 

Martın 24-dən koronavirusla mübarizə məqsədilə Azərbaycanda xüsusi karantin elan olunub. Bakı, Sumqayıt şəhərlərinə, Abşeron rayonuna giriş-çıxış məhdudlaşdırılıb, yaşı 65-dən yuxarı şəxslərin küçələrə çıxışına qadağa qoyulub. 

Bundan öncə isə ölkədə kütləvi tədbirlər, toy və yas mərasimləri qadağan olunub, ticarət mərkəzləri bağlanıb, kafe, restoranların fəaliyyəti məhdudlaşdırılıb. Əksər dövlət qurumlarının işçiləri bir aylıq növbədənkənar məzuniyyətə göndərilib.   

Aytac Məmmədova