12:20, 15 Avqust 2019 (Cümə axşamı) 497

Politoloq: “İşğalçı ilə işğala məruz qalanın ortaq baxışı maraq doğurur”

Politoloq: “İşğalçı ilə işğala məruz qalanın ortaq baxışı maraq doğurur”
Amerikanın səsi radiosunun Ermənistan bürosu il ərzində Birləşmiş Millətlər Təşkilatındakı (BMT) səsvermə statistikasını hesablayıb. 

Hesablamadan məlum olub ki, Ermənistan BMT-də daha çox Rusiya, Türkiyə və Azərbaycanla eyni cür səs verir.

Məsələn Ermənistanın ötən il səs verdiyi 114 qətnamədən 76-sında Azərbaycanın mövqeyi ilə üst-üstə düşüb. Müharibə vəziyyətində olan iki ölkə cəmi iki qətnaməyə fərqli səs veriblər. 

Ermənistanla Türkiyə 69 qətnaməyə eyni yanaşma ortaya qoyublar. Ermənistanla Rusiyanın səs verdiyi eyni qətnamələrin sayı 77-dir. Ermənistanın ABŞ-la səs verdiyi eyni qətnamələrin sayı isə cəmi 17-dir, bu iki ölkə 59 qətnaməyə fərqli səs veriblər. 

Bu statistikaya istinad edən erməni deputatlardan biri sual edib ki, "Necə olur ki, beynəlxalq məsələlərdə Ermənistanın mövqeyi düşmən Azərbaycan və Türkiyə ilə üst-üstə düşür?”

Deputatın bu sualına Ermənistan Xarici İşlər Nazirliyi mətbuat katibi Anna Naqdalyan belə cavab verib ki, Ermənistan səsvermədə milli maraqlarından çıxış edir, başqa heç bir amili nəzərə almır. 

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, bunun özü Ermənistanın qütblərdən hansına üstünlük verdiyini göstərir: "Bu ehtimal deyil çılpaq statistikadır, faktdır. Başqa sözlə rəqəmlərin dilindən də görünür ki, Ermənistan Rusiyanın dediyi kimi səs verir və ABŞ-ın qətnamələrinə etiraz edir”.

Politoloq görə, Ermənistan Azərbaycanın torpaqlarını işğalını rəsmiləşdirməyə çalışarkən başqa problemlərin həllində, qətnamələrin qəbulunda özünü sülhpərvər tərəf kimi göstərməyə çalışır: "Bütün hallarda işğalçı ilə işğala məruz qalanın beynəlxalq məsələlərə ortaq baxışı maraq doğurur”.

Uğur Fərzəli