17:40, 13 Avqust 2019 (Çərşənbə axşamı) 145

Politoloq: "Tonoyan erməni cəmiyyətini aldatmağa çalışır"

Politoloq:
"Mən şəxsən əminəm ki, bizim hərbi qulluqçu Araik Kazaryan yolu azaraq Azərbaycan tərəfinə adlayıb”.

Ermənistan KİV xəbərlərinə görə, bu sözləri  müdafiə naziri David Tonoyan deyib.

O, erməni əsgərin geri qaytarılması ilə bağlı artıq müvafiq beynəlxalq təşkilatlara müraciət olunduğunu qeyd edib.

"Bu, bizim üçün ağır hadisədir, amma düşünürəm ki, hər şey yaxşı sonluqla qurtaracaq”, -deyə nazir bildirib

Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu öz feysbuk hesabında yazıb.  

O, Ermənistanın əsgərin şəkillərinin yayılmasından narahat olduğunu bildirib: "Erməni hərbçinin fərariliyi və könüllü sürətdə Azərbaycan ordusuna təslim olması Ermənistan hakimiyyətində ciddi narahatlıq yaradıb. Bu xəbər yayıldıqdan sonra erməni saytlarının əksəriyyəti Azərbaycandan yayılan xəbərlərə istinad edərək hərbçilərinin işgəncə görməsi səbəbi ilə fərarilik etdiyini bildirdilər. Bu cür xəbərlərin Ermənistanda ciddi narahatlıq yaratdığını görən İrəvan bir gün sonra senzuranı işə salaraq fərarilik xəbərini korrektə etməyə başladı. Erməni saytları "işgəncə” sözünü "azıb” ifadəsiylə dəyişməyə başlayıblar. Yəni həbrçiləri qəsdən təslim olmayıb, "yolu azaraq o tərəfə keçib”.

Politoloqun fikrincə, David Tonoyan erməni cəmiyyətini aldatmağa çalışır: "Erməni hərbçinin şəkillərində baş və əl nahiyəsində açıq-aşkar işgəncə əlamətləri var. David Tonoyan erməni cəmiyyətinə Azərbaycan tərəfinin dezinformasiya yaydığını inandırmağa çalışır. Guya erməni hərbçinin əlinə "ağ bayraq sonradan verilərək şəkli çəkilib”.

Əbülfət Baxşəli