17:30, 12 Oktyabr 2018 (Cümə) 1152

Politoloq: "Vaşinqton Rusiya və İrana görə sazişi dəstəkləyə bilməz"

Politoloq:
ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kent oktyabrın 9-10-da Azərbaycanda səfərdə olub. 
 

Səfər zamanı amerikalı diplomat prezident İlham Əliyevlə görüşüb. 

Daha sonra Corc Kent Bakıda vətəndaş cəmiyyətinin nümayəndələri ilə bir araya gəlib. 

Kent səfərinin sonunda mətbuat konfransı keçirib.

Gələn həftə isə ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri gözlənilir.

O, bunu özünün rəsmi "Twitter" hesabı vasitəsilə elan edib.
 

Bəs ard-arda təşkil olunan bu iki səfərin Azərbaycan üçün gözləntiləri nədir?

"Kent Boltonun Bakıya səfərini hazırladı"

Politoloq Elxan Şahinoğlu Toplum.Tv-yə açıqlamasında bildirib ki, Corc Kent Bakıda Amerikanı maraqlandıran 4 mövzudan danışıb: "Birinci mövzu enerji əməkdaşlığı barədə idi. Kentin sözlərindən bir daha aydın oldu ki, Vaşinqton Cənubi Qaz Dəhlizi layihəsini dəstəkləyir;
İkinci mövzu təhlükəsizliklə bağlı idi. Azərbaycanın Əfqanıstana verdiyi dəstək Vaşinqtonda yüksək qiymətləndirilir;
Üçüncü mövzu Dağlıq Qarabağa həsr edilib. Vaşinqton bölgədə müharibə olmasını istəmir. Corc Kentin sözlərindən məlum oldu ki, Vaşinqton Azərbaycan prezidentinin Ermənistanın baş naziri ilə Düşənbədəki görüşünü müsbət qiymətləndirib;
Dördüncü mövzu insan haqları və demokratiyaya həsr olundu. Kent dedi ki, Vaşinqton Azərbaycanda "Azadlıq” radiosunun bərpasını istəyir. Kent hətta belə bir ifadə də işlətdi ki, gələn dəfə Bakıya gələndə "Azadlıq” radiosunu dinləmək istəyir. Azərbaycan hakimiyyəti "Azadlıq” radiosunun Bakıdakı ofisini 2014-cü ildə bağlayıb".
 
"İşin içində Rusiya və İran olduğuna görə Vaşinqton sazişi dəstəkləyə bilməz"

Politoloq deyir ki, Kent Xəzərin statusu ilə bağlı imzalanan sazişə münasibət bildirməyıb: "O, mətbuat konfransında sadəcə dedi ki, bu məsələyə Azərbaycan rəsmilərinin münasibət bildirməsi doğrudur. Bu o deməkdir ki, Vaşinqton Rusiya və İranın imzaldığı Konvensiyaya şübhəylə yanaşır. Əks halda Kent deməliydi ki, Vaşinqton Xəzərin statusunun müəyyənləşməsini dəstəkləyir. Sadəcə, işin içində Rusiya və İran olduğuna görə Vaşinqton sazişi dəstəkləyə bilməz".

Politoloqun sözlərinə görə, rəsmi Bakı isə Xəzərin statusunu müəyyənləşdirən Konvensiyanı müsbət qiymətləndirib: "Bunu İlham Əliyev Nazirlər Kabinetinin son müşavirəsində bildirdi". 

"Azərbaycana Corc Kentdən sonra Con Boltonun Bakıya gəlməsi Boltonun səfər proqramını müəyyənləşdirmiş oldu. Bəlkə, Bolton Trampın Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərinə aydınlıq gətirər", - politoloq bildirib.

Mehman Əliyev Toplum.Tv-yə bildirib ki, Con Boltonun səfəri zamanı müzakirə olunacaq müzakirələr hazırda gündəmdə olan 3 əsas istiqamət üzrə olan məsələlər ola bilər: 
 

"Birincisi, Azərbaycan üçün labüd olan  dəyişikliklər və islahatların keçirilməsidir. Xüsusilə bu, demokratiya ilə bağlıdır.
İkincisi, regional təhlükəsizliklə bağlıdır. Bu, İran, Yaxın Şərqdə baş verən olaylarla əlaqədardır.
Üçüncüsü isə Dağlıq Qarabağ məsələsidir. Azərbaycan-Ermənistan arasındakı məsələsinin tənzimlənmə məsələsi ilə bağlıdır. Qeyd edim ki, adlarını sadaladığım məsələlərin müzakirəsinin həyata keçirilməsində Amerika da  israrlıdır", - Mehman Əliyev belə deyib. 

Samirə Əliyeva
Toplum.Tv