11:34, 19 Noyabr 2019 (Çərşənbə axşamı) 82

Pompeo deyir ki, Fələstin torpağındakı İsrail məskənləri qanunsuz deyil

Pompeo deyir ki, Fələstin torpağındakı İsrail məskənləri qanunsuz deyil


/ DÜNYA
ABŞ dövlət katibi Mike Pompeo noyabrın 18-də bəyan edib ki, onun ölkəsi Fələstin ərazilərindəki yəhudi məskənlərinin beynəlxalq qanuna zidd olduğuna dair müddəanı bundan sonra qəbul etməyəcək.

Bu bəyanat İsrailin baş naziri Benjamin Netanyahu tərəfindən alqışlansa da, Fələstin Hakimiyyəti tərəfindən kəskin pislənib.

Pompeo-nun bu bəyanatı faktiki olaraq ABŞ-ı BMT üzvü olan bütün ölkələrə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə qarşı qoyur.

Dövlət katibinin bu bəyanatı habelə İsraildə mərkəzçi Benny Gantz-ın Trump-ın yaxın müttəfiqi Netanyahunun hökumətini əvəzləyəcək koalisiya qurmağa səy göstərdiyi bir vaxta təsadüf edib.

Pompeo Vaşinqtonda keçirilən mətbuat konfransında deyib:

"Bu hüquqi debatın bütün tərəflərini diqqətlə təhlil etdikdən sonra Birləşmiş Ştatlar bu nəticəyə gəlib ki, Qərb sahilində İsrail vətəndaş məskənlərinin salınması beynəlxalq qanuna zidd deyil. Vətəndaş məskənlərinin salınmasının beynəlxalq qanuna zidd olduğuna dair müddəa işləmir. Bu müddəa sülh işini irəli aparmayıb”.
 
 
Pompeo deyib ki, Qərb Sahilininin statusu israillilərin və fələstinlilərin müzakirə edəcəyi bir mövzudur.

ABŞ siyasəti indiyədək elə ABŞ Dövlət Departamentinin 1978-ci ildə irəli sürdüyü müddəa üzərində qurulmuşdu.

Bu müddəaya görə o vaxt on il əvvəl işğal edilmiş Fələstin ərazilərində məskənlərin salınması beynəlxalq qanuna zidd sayılırdı.

Birləşmiş Ştatlar Təhlükəsizlik Şurasında İsrailin əleyhinə olan qətnamələrə bir qayda olaraq veto qoysa da, keçmiş prezident Barack Obamanın hakimiyyətinin son həftələrində onunla Netanyahu arasında yaşanan ziddiyyət şəraitində 2334 nömrəli qətnamə qəbul edilmişdi.

Bu qətnamə İsrailin Fələstin torpaqlarındakı məskənlərini beynəlxalq qanunun "kobud pozulması” adlandırır.

Netanyahu deyib ki, Pompeonun son bəyanatı "tarixi yanlışı düzəldib”.

Lakin Fələstin Hakimiyyəti Amerikanın siyasətini "beynəlxalq qanunlara tamamilə zidd” adlandırıb.