22:50, 04 Fevral 2019 (Bazar ertəsi) 1058

“Pozitiv olmalısan ki, bu xəstəliklə müharibədə qalib çıxasan”

“Pozitiv olmalısan ki, bu xəstəliklə müharibədə qalib çıxasan”
2005-ci ildən başlayaraq hər il 4 fevral Dünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir. 

Statistikaya görə hazırda Azərbaycanda xərçənglə üzləşən 17,5 min şəxs var.

Lakin bir qismi bu xəstəliyin cəngindən xilas olmağı bacarıb. Belə şəxslərdən biri də Arzu Qocaoğludur.

O, Toplum.Tv-nin bununla bağlı suallarını cavablandırıb.

- Arzu bəy, xəstəliyinizi hansı mərhələdə öyrəndiniz? 

- Xəstəliyimi ikinci mərhələsinə çatdıqda öyrəndim. Sol tərəf boyun - boğaz nahiyəmdə  şişlik var idi.  Şiş boğaz nahiyəsində olduğu üçün təbii ki, LOR cərraha yaxınlaşdım. Həkim də, şişdən bir parça götürərək biopsiya analizi edilməli olduğunu dedi. Bu analizin cavabına görə xəstəliyimin nə olduğu tam olaraq məlum olacaqdı. Analizimi Milli Onkologiya Mərkəzində verdim. 10 gün sonra analizin cavabı açıqlandı. Cavabı götürməyə tək getdim.  Öncədən özümü ən pis nəticəyə hazırlayırdım. Bilirdim ki, bunun xərçəng olma ehtimalı var.  "Qeyri-hoçkin limfoma” adlı bir limfoma xərçəngi idi.  Analizin cavabını məni biopsiyaya göndərən cərrahın yanına gətirdim. Həkim isə dedi ki, keçmiş olsun, artıq kimyaterapiya almalısan. Bu proses isə Onkologiya Mərkəzində aparılacaqdı.  O vaxt artıq evdəkilər də bilirdi və mənimlə birlikdə gəldilər. Mən isə burdakı nəticələrlə razılaşmadım. Nəticələri götürdüm və İstanbul Bezmi-alem Dövlət Tibb Universitetinə göndərdim. İstabulda mənə "Hoçkin” diaqnozunu qoydular.  Hoçkin forması  Qeyri-hoçkindən fərqli olaraq müalicəyə daha uyumlu, daha yüngül formadır.

- Müalicə prosesi necə keçdi? Əməliyyat oldunuz?

- Müalicə prosesi təbii ki, kimyaterapiya ilə başladı.  Minimum 4-6 dəfəlik kimyaterapiya prosesi mütləq idi. Hardasa 7-8 ay kimyaterapiya qəbul etdim. Daha sonra şüa terapiyası oldu. Həkim sağalmağıma zəmanət vermirdi. Deyirdilər ki, 90 faiz sağala bilərsən, amma tam zəmanət vermirdilər.  Hər hansı bir əməliyyat keçirmədim, sadəcə ilkin mərhələdə biopsiya alındı.  Bu müddət ərzində psixoloji vəziyyətim yaxşı idi. Bayaq da dediyim kimi, özümü hazırlamışdım.  Bu, elə bir xəstəlikdir ki, aşkarlandıqda hər kəs maksimum pozitiv olmalıdır.  Neqativ şeyləri özünə yaxın buraxmamalıdır.  Bütün bunlar müalicə prosesi ilə bərabər getməlidir.  Dostlarım, tanışlarım, ailəm – hər kəs  yanımda idi.  Bu səbəbdən də özümə qapanma olmadı və xəstəliyin öhdəsindən gələ bildim.

- Sizcə, yaxınların bu xəstəliyi həmin şəxsin özündən gizlətməsi nə qədər doğrudur?

- Mən bunu doğru qəbul eləmirəm. Düşünürəm ki, xəstə öz diaqnozunu bilməlidir. Bilməlidir ki, nəyə qarşı mübarizə aparır. Lakin xəstəliyi çox gec mərhələdə aşkarlanmış insanlar ola bilər ki, sağalmasına çox az ehtimal var. Bu halda, o, ümidini kəsməsin deyə xəstəliyini gizlətmək olar.  

- Xərçəng xəstəliyindən qorunmağın yolları varmı? Sizə həkim nə kimi məsləhətlər verib?

- Bu, bir az çətin sualdır. Bu xəstəliyin necə yarandığını həkimlər deyə bilmir. Hələ ki, bunun elmi sübutu yoxdur. Təbii ki, sağlam qidalanma, sağlam həyat tərzi önəmlidir. Maksimum təbii qidalardan istifadə etmək lazımdır. Geni dəyişmiş və kimyəvi  qidalardan qaçmaq məqsədəuyğundur.

- Siz bu xəstəliyə tutulanlara nə məsləhət görürsünüz?

- Mən hamıya maksimum pozitiv olmağı tövsiyə edirəm. Rəsmi açıqlamalarda keçən ilə nisbətən bu il xəstəliyin daha da artdığı deyilir. Məsləhətim odur ki, xəstəliyə tutulma faktını qəbul etsinlər və mübarizə aparsınlar. Bu xəstəliyin müalicəsi kimyaterapiya və şüaterapiyadan keçir. Ona görə də, bu xəstəlikdən əziyyət çəkənlər düşünməlidir ki, mən bu müalicələri edəcəm, özümə qapanmayacam, pozitiv olacam və xəstəliklə müharibədən qalib çıxacam. Cəmiyyət  xərçəng xəstəliyini həyatın sonu olaraq qəbul edir.  İnsanlar düşünür ki, hər şey bitib.  Lakin heç nə bitmir. Həyatın müəyyən dönəmlərində insanlar bəzi çətinliklərlə qarşılaşır və biz bu çətinliklərdən üzüağ çıxmalıyıq.

Əminə Məmmədova
Toplum TV