15:39, 19 Sentyabr 2018 (Çərşənbə) 165

Prezident gələndən-gələnə təmir olunan yol...

Prezident gələndən-gələnə təmir olunan yol...
Sakinlər iddia edirlər ki, prezident bu bölgəyə səfər edəcək deyə yollar tələsik və keyfiyyətsiz təmir olunur

"Prezident gələcək deyə əl-ayağa düşüblər. Yolu necə gəldi təmir edirlər, asfaltla yamaqlayırlar. Bu tərəfdən düzəldirlər, o tərəfdən sıradan çıxır”.

Lerik sakinləri Meydan TV-yə danışırlar ki, sentyabrın 2-dən başlayaraq Lerik-Lənkəran yolunun 20 kilometrlik hissəsində təmir işləri aparılır. Ancaq bu işlər tələsik və keyfiyyətsiz görüldüyündən, yollar bir neçə gün ərzində yenə əvvəlki vəziyyətinə qayıdır.

Bu ilin avqustunda prezident İlham Əliyev Lənkəran–Lerik avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, yolun yenidən qurulması üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılıb. 

"Təmirdən 15 gün sonra..."

Lerik sakini Şamil Quliyev deyir, yolun eyni hissəsi düz 10 il əvvəl – prezident bölgəyə səfər edəndə təmir olunubmuş: "Yol ölkə başçısı bu tərəflərə səfər edəndən-edənə "ağ günə çıxır. Yolboyu illərlə yığılıb qalan zibilləri, plastik qabları, yolları daraldan çoxillik tikan kollarını təmizləməyə başladılar. Sonra da asfalt döşədilər. İllərdir ki, əziyyət çəkirik. Ancaq nədənsə, bu işlər yalnız prezidentin gəlişi ərəfəsində görülür. Halbuki, ötən illərdə həmin yolun təmiri üçün dəfələrlə aidiyyəti qurumlara müraciət olunub, nəticəsiz qalıb”.

Sakinlər deyir, iş orasındadır ki, vur-tut 15 gündür təmir olunan yol hələ prezident buraya səfər etməmiş sıradan çıxıb.

Sakin Ədalət Mirzəyev: "Təmir etdikləri yola günaşırı təkrar-təkrar çəki-düzən verirlər, əl gəzdirirlər, yenə xeyri yoxdur. Çünki bu təmir bir neçə saatlığa hesablanıb, yəni bircə prezident gəlib keçsin, sonrası maraqlı deyil”.

"Sürət nişanları yox, nəzarət yox..."

Sakinlərin sözlərinə görə, xüsusilə son beş ildə çayların dibindən çıxarılan çınqılı paytaxta daşıyan iritonnajlı avtomobillər onsuz da keyfiyyətsiz təmir olunan yolları daha da pis vəziyyətə salıbmış:

"5 ildir ki, çayların dibini qazan deputatların çınqılla dolu ağır tonnajlı avtomobilləri yolları bərbad vəziyyətə salıb. Yollarda sürət işarələri quraşdırmırlar, nəzarət yoxdur, nəticədə bu yük maşınları yüksək sürətlə şütüyür. Həm asfaltı dağıdır, həm də minik avtomobillərinə, piyadalara zərər yetirir. Yolların kənarında mağazalar, iaşə obyektləri var, belə olan halda piyadaların təhlükəssizliyi üçün tədbir görülməlidir. Ancaq yol kənarında bircə yol hərəkəti nişanına, sürət nişanına rast gələ bilməzsiz. Nəticədə vaxtaşırı ağır qəzalar baş verir. Keçid olmadığından mağazadan çıxıb yolu keçmək istəyən piyadaların həyatı təhlükəylə üz-üzə qalır. Burada dəfələrlə maşın aşıb, insan tələf olub”.

Rəsmi qurum: "Təmir işləri keyfiyyətli görülür”

Lerik Rayon İcra Hakimiyyətindən bildirilib ki, 10 il əvvəl əslində yollar keyfiyyətli təmir olunub. Ancaq bölgədəki abadlıq-quruculuq işləri ilə əlaqədar həmin yollarda iritonnajlı avtomobillərin hərəkət etməsi nəticəsində torpaq sürüşmələri, çökmələr baş verib, asfalt örtükləri dağılıb və hazırda yollar yüksək keyfiyyətlə təmir olunur.

Bu ilin yayında Lerik və Lənkərandakı turizm obyektlərinin işçiləri yolların bərbad olması üzündən turist axınının zəifləməsindən gileylənirdilər.

16.6 milyon manata başa gələn və açılışı olmadan dağıldığı iddia olunan Noda-Şingədulan-Xanagah yolu isə rəsmi açılış siyahısından çıxarılıb.