10:30, 08 Aprel 2019 (Bazar ertəsi) 700

Problemli kreditlərin həcmi açıqlanıb

Problemli kreditlərin həcmi açıqlanıb
2019-cu il martın 1-nə Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 574,7 milyon manata yüksəlib. Mərkəzi Bank belə hesabat yayıb.

Yanvarın 1-nə problemli kreditlər 1 milyard 585 milyon manat həddində olmuş, fevralın 1-nə 1 milyard 569,4 milyon manata düşmüşdü.

İlham Əliyevin 28 fevral fərmanı fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə gecikən borclar üçün devalvasiya kompensasiyaları nəzərdə tutur.

2015-ci il fevralın 21-də Mərkəzi Bank dolların rəsmi kursunu 0,7862 manatdan 1,05 manata qaldırıb. Dekabrın 21-də Mərkəzi Bank ikinci devalvasiyaya qərar verib, rəsmi kurs 1,55 manat olub. Hazırda 1 dollar 1,7 manata təklif edilir.

28 fevral fərmanına əsasən, 2015-ci il fevralın 21-nə xarici valyutada olan əsas kredit borcu üzrə 1 ABŞ dollarına 25 qəpik, həmin il dekabrın 21-nə xarici valyutada əsas kredit borcu üzrə 1 ABŞ dollarına 60 qəpik kompensasiya ödənir.

Martın 1-nə xarici valyutada 4 milyard 807,6 milyon manat kredit olub. Bunun 792,4 milyon manatı problemli kreditdir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi saytında problemli kredit məlumatlarının sorğulanması bölümü fəaliyyət göstərir. Bölümə daxil olan istifadəçi borcalanın şəxsiyyət vəsiqəsinin nömrəsini, doğum tarixini qeyd etməli, mobil telefon nömrəsi qoymalı və şifrə əldə etməlidir.

Novator.az