22:18, 21 May 2020 (Cümə axşamı) 729

Psixoloq: "Sağlam ailənin təməlində düzgün partnyor seçimi durur"

Psixoloq:
Dünyanı bürüyən qlobal problemlər arasında dilənçilik və oğurluq xüsusi yer tutur. 

Elə Azərbaycanda da bu tip hadisələr artan tendensiya ilə davam edir. Dünya üzrə statistikalar göstərir ki, bu kimi cinayətlərə əsasən az gəlirli ailələrin övladları arasında daha sıx rast gəlinir.

Son günlərdə müzakirə olunan mövzulardan biri də nigahdan kənar doğulan uşaqlarla və maddi gəliri aşağı olan ailələrin övladlarını böyütməsi ilə bağlı müəyyən problemlərin olmasıdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə rəsmi qeydiyyata alınmamış nikahda olan qadınlar 20 min 716 uşaq dünyaya gətirib. 

Bəs həmin ailələrin yaşam tərzini yaxşılaşdırmaq üçün dövlət və özləri nələr edir?

Bəzi qrup insanların düşüncəsinə görə, bu problemləri aradan qaldırmaq üçün insanlara yaxşı təhsil verilməli və doğuma nəzarət olmalıdır. 
Həmin adamlar düşünür ki, uşaq doğulmadan öncə valideynlər fikirləşmələdirlər ki, öz övladlarına yaxşı təhsil verə biləcəkmi?  Amma bu insanların fikirləriylə hamı razılaşmır. Qarşı çıxan insanlar əsasən çoxuşaqlı ailə olmağın mənfi tərəflərinin olmadığını düşünürlər.

Bu ailələrdə dünyaya gələn uşaqlar nədən əziyyət çəkir?

Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, kortəbii şəkildə dünyaya uşaq gətirən ailələr az deyil və bu şəxslər dünyaya gətirdiyi övladlarını saxlaya bilmir, küçəyə atır: "Saxlayırsa da onları təmin edə bilmir. Bu məsələlərə diqqəti xeyli artırmaq lazımdır. Çünki hər doğulan uşaq qarşısında onu dünyaya gətirən şəxs məsuliyyət daşıyır. Hər doğulan uşaq bu ölkənin vətəndaşıdır. Bu uşaqların öz həyatı var. O günahkar deyil ki, belə həyata gətiriblər. Ona görə burda qanunvericilik elə olmalıdır ki, əgər o uşağın həyatı təmin oluna bilməyibsə onu dövlət öz himayəsinə götürməlidir. Və onu da etinasız şəkildə dünyaya gətirən insan məsuliyyətə cəlb olunmalıdır.”
 


Sosioloqun fikrinə görə, plansız şəkildə dünyaya gətirilən uşaqların gələcəkləri qeyri-müəyyən olur: "Bu uşaqlara  diqqət yetirmədikdə xəstə, davakar və kriminal aləmin nümayəndəsi olurlar. Təsəvvür edin bir adam etinasızlıq eləyib uşaq dünyaya gətirib, uşağa da lazımi şəkildə baxa bilmir, beləliklə bəlkə də gələcəkdə müəllim olacaq bir şəxsin taleyi məhv olur. Ona görə hər bir uşağa diqqət yetirmək lazımdır. Valideyn uşağı dünyaya gətiribsə onun keyfiyyətli böyüməsi üçün məsuliyyət daşıyır. Bu tip etinasız adamlar elə bir məsuliyyətə cəlb olunmalıdır ki, başqaları da həmin o adama baxıb qanunvericiliyə əsasən kim harda gəldi uşaq sahibi olmasın. Uşaq doğulubsa, dövlətin himyasinə alınmalı, məktəbə, baxçaya yerləşdirilməli orada cəmiyyətə yararlı şəkildə böyüməlidir". 

Əhməd Qəşəmoğlunun sözlərinə görə, indiki vaxtda Birləşmiş Millətlər Təşkilatının tövsiyəsi var ki, uşağın dünyaya gətirilməsi dövlətin inkişafına uyğun olmalıdır: "Düşünürəm ki, bu istiqamətdə boşluq var. Qanunvericilik sahəsində bu istiqamətdə ciddi işlər aparılmalıdır ki, arzuolunmaz uşaqlar dünyaya gətirilməsin. Hər bir  uşaq dövlət üçün böyük şansdır.”

Psixoloq İlahə Dəmirbəyli isə bu problemin aradan qalxmasını maariflənməkdə görür: "Bir ailənin yaxud hər hansı bir fərdin cəmiyyətin üçün yararlı olub-olmaması məsələsi geniş müzakirə tələb edən mövzudur. Biz cəmiyyətdə ailənin yaxud onun dünyaya gətirdiyi övladlarının yararlı, yaxud yararsız olmasını deyə bilmərik. Cəmiyyətdə bir şəxsiyyətin formalaşması onun ailə dəyərləri və ailədaxili maarifləndirmə ilə birbaşa bağlıdır". 
 


"Müasir çütlüklər hazırkı zamanda ailə planlaşmasına əsasən uşaq sahibi olmaq üçün uyğun zamanı gözləyirlər. Lakin cəmiyyətimizdə bu tip ailələr azlıq təşkil edir. Ümumiyyətlə sağlam ailənin təməlində düzgün partnyor seçimi durur. Bu istiqamətdə isə təhsil müəssisələrində maarifləndirici seminar təşkil olunmalı, ailə qurmaq yaşı çatmış gənclər maarifləndirici proqramlara qatılmalı, lazım gələrsə psixoloq məsləhətindən yararlanmalı və doğru qərarlar qəbul edilməlidir”, - o bildirib. 

Sənan İmanov