14:26, 08 İyul 2019 (Bazar ertəsi) 79

“Psixoloqlara da nəzarət olmalıdır" - Xanım Quliyeva

“Psixoloqlara da nəzarət olmalıdır
"Psixologiya cəmiyyət tərəfindən tam dəqiq aydınlaşdırılmayıb”.

Psixoloq Xanım Quliyeva Toplum.tv-yə belə deyir.

O, özünün timsalında digər psixoloqların və pasiyentlərin qarşılaşdıqları problemlərdən danışır.

Xanım Quliyeva deyir ki, insanlar hansı hallarda psixoloqa müraciət etmək lazım olduğunu müəyyənləşdirə bilmirlər: "İnsanlar psixoloqa, psixatra və ya ekstrasensə müraciəti bir-birindən ayıra bilmirlər. Öz problemləri ilə bağlı hansı sahəyə müraciət etməli olduqlarının fərqində deyillər. Psixoloq psixo konsultasiyalar keçirir, insanlara məsləhət vermir. Sadəcə insanların öz doğrularını tapmaları üçün onlara müxtəlif yanaşmalarla kömək edir, istiqamət verir. Daha dəqiq desək, psixoloq insanın özü haqqında maarifləndirmə işinə baxır”.

"Psixoloqların işini tənzimləyən filtirin olmaması ikinci bir problemdir”

Xanım Quliyeva Azərbaycanda psixoloji xidmətin qarışıq olduğunu, psixoloqa müraciət edərkən onun həqiqətən də savadlı, öz işinin ustası olub-olmadığını bilməyin mümkünsüzlüyünü söyləyir: "Bəxt oyununa bənzəyir...Bəxtin gətisə, biləcəksən ki, o, yaxşı psixoloqdur, bəxtin gətirməsə, bilməyəcəksən. Öz işinin peşəkarı ola da bilər, olmaya da. Bu, onun populyarlıq dərəcəsinə görə ölçülməməldir. Çox məşhur insan belə dayaz, gerçək olmayan psixoloji bilgilərə sahib ola bilir. Ümumiyyətlə, sahib olduğu bilgilər psixologiyaya aid olmayan bilgilər də ola bilir. Adı çox yüksək yerlərdə olan şəxslərdən də söhbət gedir”. 

Psixoloqun sözlərinə görə problemin əsas səbəbi ölkədə psixoloqların işini tənzimləyən filtirin olmamasındadır.

"Praktik baxımdan ölkəmizdə psixoloji xidmət təcrübəsi aşağı səviyyədədir”

Xanım Qulyeva praktik psixologiyanın xidmət səviyyəsinin aşağı olmasını psixoloqların hər hansı ixtisaslaşma təlimləri keçməməsi ilə əlaqələndirib: "Psixoloqlar öyrəndiklərini gedib öz rəhbərlərinə danışa bilmirlər və bunlar hamısı kağız üzərində qalır. Demək olar ki, konsultasiyanı internetdən, kitablardan araşdırıb öyrənirlər. Konsultasiyanın texnikalarını, metodlarını bakalavr və magistr təhsili ilə öyrənmək demək olar ki mümkün deyil”.

Xanım Quliyeva bildirib ki, psixoloqların ixisaslaşması sahəsindəki problemlər aradan qaldırılarsa, nəzarət güclənərsə, insanlar öz diplomlarına uyğun çalışarlarsa, vəziyyət müsbətə doğru dəyişə bilər: "Psixoloq nəyi öyrənibsə, psixologiyanın hansı sahəsi üzrə peşəkarlaşıbsa, o istiqamətdə çalışmalıdır. Başqa sahədən bu sahəyə gəlibsə, ixtisasını dəyişdiyini göstərən çox yaxşı sertifikatlar əldə etməlidir. Psixaterapiyanı xaricdən 1 günlük, 1 həftəlik təlimçiləri dəvət edərək öyrənə  bilmərik. Bu məsələ kökündən dəyişməlidir”. 

O bildirib ki, psixoloqlar, doğurdan da, qəbul olduğu ixtisasın, peşənin ədəbi cümlələrlə danışmaq, ədəbiyyat haqqında danışmaq, ya da şeir kimi insanlara "hər şey yaxşı olacaq, narahat olmayın”  kimi ifadələr işlədərək keçirmək olduğunu düşünməməlidirlər.

"Psixoloqa müraciət edənlər dəli, psix deyillər”   

Xanım Quliyeva cəmiyyətimizdə psixoloqa müraciət edənlərə münasibətin birmənalı olmamasından, onlara zarafatla və ya həqiqətən "dəlisən, psixsən” kimi ifadələrin işlədilməsi halları ilə qarşılaşdığını vurğulayıb: "İnsanlarımız bilməlidirlər ki, psixoloqa müraciət edənlər dəli, psix deyillər. Psixoloq da həkim deyil. Dediyim kimi, psixoloq insana öz doğrularını göstərən, insanı özü haqqında maarifləndirən iş sahibləridir".

Xanım Quliyeva psixologiyanın sahələrinin bir-birindən ayrılmasının, məktəb psixoloqlarının təşkilatlanmasının zəruriliyindən danışıb: "Psixologiyanın müxtəlif sahələri var: ailə pixologiyası, cinsi psixologiya, uşaq psixologiyası, məktəb psixologiyası və s. Bu sahələr bir-birindən ayrılmalıdır. Əsasən də, məktəb psixoloqları. Məktəb psixoloqlarının özlərinin təşkilati komitələri olmalıdır və onların ildə bir, ya iki dəfə özlərini ixtisaslaşdırmalarına şərait yaradılmalıdır”. 

Onun fikrincə, psixoloqların istifadə etdikləri texnikaların, metodların yenilənməsini, inkişafını, onların ixtisaslaşmasını tələb edən qurum olmalıdır və psixoloqlar işini kortəbii şəkildə həyata keçirməməlidir: "Psixoloqlara da nəzarət olmalıdır. Sən necə psixoloqsan? Necə davranırsan? Konsultasiya keyfiyyətin nə dərəcədədir? Bunlar bilinməlidir”.

Aida Rüstəmova