15:49, 11 Yanvar 2021 (Bazar ertəsi) 69

Putin Əliyev və Paşinyanla görüşündən nələr gözlədiyini açıqladı - VİDEO

Putin Əliyev və Paşinyanla görüşündən nələr gözlədiyini açıqladı - VİDEO
FOTO: Sosial Media 
 
Kremldə Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.

"RİA Novosti"nin yanvarın 11-də verdiyi məlumata görə, Əliyev və Paşinyan Moskvaya bu gün səhər saatlarında gəliblər. Axırıncı dəfə onlar arasında şəxsi görüş ötən ilin fevralında Münhendə baş tutub. 

Bu gün Kremldə baş tutan görüşdə Vladimir Putin Azərbaycan və Ermənistan liderlərinə dəvətini qəbul edib Moskvaya gəldiklərinə görə təşəkkür edib. 

Rusiya prezidenti çıxışı zamanı üçtərəfli görüşün işgüzar mühitdə keçəcəyinə və bunun Qarabağdakı münaqişənin həllinə kömək edəcəyinə ümidvar olduğunu bildirib. 

Putin 9 noyabrda imzalanan atəşkəs bəyanatından sonra Qarabağda vəziyyətin stabilləşdiyini deyib və əlavə edib ki, Rusiya vasitəçi olduğu prosesdə ATƏT-in Minsk Qrupunun baza prinsiplərinə əsaslanıb. 

Rusiyanın dövlət başçısı həmçinin Qarabağdakı donmuş müqavilənin irəliləməsi üçün yeni imkanların yarandığını bəyan edib.