11:28, 23 Oktyabr 2020 (Cümə) 113

Putin: "Mən gündə bir neçə dəfə İlham Əliyev və Paşinyanla danışıram"

Putin:
"Valday” Beynəlxalq Diskussiya Klubunun son toplantısında (22 oktyabr) Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, o, Dağlıq Qarabağda kompromis əldə edilməsini hədsiz dərəcədə istəyir.

Putinin sözlərinə görə, gündə bir neçə dəfə telefonla Azərbaycan prezidenti İlham Əliyevlə və Ermənistanın baş naziri Nikol Paşinyanla danışır. 

Bu barədə "RİA Novosti" xəbər yayıb. 

"Dağlıq Qarabağda münaqişənin həll olunmasını Rusiya qədər istəyən yoxdur, bu münaqişə bizim dostlarımız arasında gedir" , - Rusiya prezidenti bəyan edib. 

"Bu bizim üçün xüsusi vəziyyətdir. Bəli, bildiyim qədəriylə 1992-ci ildə Minsk qrupu yaradılıb, həmsədrlər kimi Rusiya, Fransa və ABŞ danışıqlar prosesinin təşkili üçün məsuliyyət daşıyırlar. Mən 100% əminəm ki, prosesin iştirakçıları səmimi şəkildə situasiyanın həll olunmasına çalışırlar, ancaq heç kəs burada Rusiya qədər maraqlı deyil", - Putin deyib və əlavə edib: "Bu hadisə təkcə bizim gözlərimizin qarşısında baş vermir, geniş mənada bütün bunlar bizim insanlarımızın, dostlarımızın, qohumlarımızın başına gəlir".

Rusiya prezidenti qeyd edib ki, Azərbaycan və Ermənistan Rusiya üçün bərabər partnyorlardır: "Bizim Azərbaycanla xüsusi əlaqələrimiz var. Rusiyada iki milyondan çox erməni, 2 milyona yaxın da azərbaycanlı yaşayır. Bu insanlar təkcə müvəqqəti qazanc əldə etmək üçün gəlmirlər, demək olar ki, burada daimi yaşayırlar". 

Onun sözlərinə görə, Rusiya üçün insanların ölümü böyük faciədir: "Biz həm Azərbaycanla, həm də Ermənistanla hərtərəfli əlaqələrimizi inkişaf etdirmək istəyirik".

Putin qeyd edib ki, Rusiya uzun illər boyunca vəziyyəti uzunmüddətli tarixi perspektivdə stabilləşdirmək üçün, böhranın həll olunması üçün ən müxtəlif variantlar təklif edib. 

"Bizə elə gəlirdi ki, bir azca da səy göstərsək, problemin həllini tapacağıq. Təəssüf ki, bu baş vermədi və bu gün biz münaqişəni ən bərbad şəkil almış variantda görürük", - deyə Rusiya prezidenti vurğulayıb.