14:34, 25 Noyabr 2019 (Bazar ertəsi) 62

Qadın qətli ilə açılan zorakılıqla mübarizə günü

Qadın qətli ilə açılan zorakılıqla mübarizə günü
Gənc ananın qardaşı tərəfindən qətlə yetirildiyi bildirilir.

Məişət zorakılığı, psixoloji basqı və sonda ya intihar, ya da cinayət…

Bunlar qadınların üzləşdiyi problemin sadəcə bir qismidir.

Bu gün noyabrın 25-dir. Qadınlara qarşı zorakılıqla bağlı beynəlxalq mübarizə günüdür.

Dünya boyu hər gün partnyoru və ya ailəsi üzvü tərəfindən 137 qadın öldürülür. Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıq İdarəsinin (UNODC) yaydığı məlumatda belə deyilir.

Bu statistikada Azərbaycan payı nə qədərdir?

Azərbaycanda bu ilin yanvar-sentyabr ayları ərzində bizə məlum olan 118 qadın ailədaxili şiddətə məruz qalıb. Onlardan 33-ü həmin şiddət nəticəsində həyatını itirib. Digər 85 qadın isə ailə üzvü və yaxınları tərəfindən ya döyülüb, bıçaqla, balta ilə, küt alətlə, çəkiclə vurulub, yandırılıb və müxtəlif cür xəsarət alıblar.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev isə "Qadınlara və qızlara qarşı zorakılığa son" kampaniyasına həsr olunmuş "dəyirmi masa"da deyib ki, bu ilin oktyabr ayında Azərbaycanda 13 qadın məişət zorakılığı zəminində qətlə yetirilib.

"Mikroskop Media” bu monitorinqi Azərbaycanda informasiya agentlikləri və xəbər saytlarında dərc olunan materiallara əsasən aparıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 2018-ci ilin təkcə 9 ayı ərzində məişət zorakılığı zəminində baş verən 678 cinayət faktı qeydə alınıb. Onlardan 35-i özünü öldürmə həddinə çatdırma ilə bağlıdır. Məişət zəminində baş verən cinayətlər nəticəsində 112 qadın özünü öldürüb. Onlardan 11 nəfəri azyaşlı qızlardır.

Bundan əlavə, 2010-2016 -cı illərdə 765 qadın qətlə yetirilib. Bu, yalnız əldə edilə bilən rəqəmlərdir.

Rəsmi statistikaya görə, 2010-cu ildə 89, 2011-ci ildə 59, 2012-ci ildə 114, 2013-cü ildə 93, 2014-cü ildə 94, 2015-ci ildə 66, 2016-cı ildə isə 121 qadın intihar edib.

"Məişət zorakılığı” ilə bağlı qanunun fəaliyyət planı 7 ildir təsdiqlənmir. Ekspertlər düşünürlər ki, planın tətbiq edilməsi də bir çıxış yoludur.

"Anası ilə bacısı atasının təziqlərinə dözməyərək intihar etmişdilər”

Noyabrın 24-də qardaşı tərəfindən öldürüldüyü deyilən Aysel Fərzalıyeva da bizə məlum olan zorakılıq qurbanlarından biridir. Rəsmi məlumatda deyilir ki, Babək Fərzalıyev bacısı Aytən Fərzalıyevanı boğazını kəsərək öldürüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə deyir ki, Aytənin ölüm gününə qədər olan həyatı da normal olmayıb. 20 yaşlı qızın anası və bacısı 5 il öncə yaşadıqları mənzildə intihar ediblər. Odur ki, Aytən son 5 ili sığnacaqda yaşayıb:

"Onda 15 yaşı vardı. Anası ilə bacısı atasının təziqlərinə dözməyərək özlərini mənzildən ataraq intihar etmişdilər. İntihar həddinə çatdırmaya görə atası həbs edilmişdi”.

"Qardaşı onu aldadıb, məzarlığa aparıb və öldürüb”

K.Ağazadə deyir ki, Aytən sonradan bir nəfərlə qeyri-rəsmi nikahda yaşayırmış. Hətta bir uşağı da varmış:

"Körpədir, indi anasız qaldı. Qardaşı isə hərbi xidmətdən gələndən sonra Aytənlə danışmağa başlamışdı. Qız mənə bunu özü demişdi. Bildirmişdi ki, qardaşı ilə ev məsələlərini həll etmək istəyir. Mən də dedim ki, "gəl, sən əvvəl öz sənədlərini düzəltdir”. Çünki onun ancaq doğum haqqında şəhadətnaməsi vardı. Uşağı dünyaya gələndən sonra hələ də sənəd ala bilməmişdi”.

Kəmalə Ağazadə deyir ki, Aytən qardaşı ilə dünən görüşüb:

"Məncə, onu aldadıb, anası və bacısının qəbri üstünə aparıb. Sonra da qızı öldürüb. Mənə onların görüşdüyünü Aytənin qayınanası dünən dedi. Yenə deyəcəklər ki, bu qətl namus, qeyrət üstündədir. Bunlar hansı qeyrətdən danışırlar? Atası uşaq vaxtı Aytəni kafedə işlədib, pulunu əlindən alırmış. Məktəbə belə göndərməyib. Evlərində həmişə problem, dava-dalaş olub”.

"Azərbaycanda qadın və qızlara qarşı əksər hallarda ölümlə nəticələnən zorakılıq hallarına məruz qalmaya dair məlumatlar var. Qadın və qızlara qarşı zorakılıq fərdlərə, ailələrə, cəmiyyətlərə və bütövlükdə ölkəyə ciddi sosial və iqtisadi zərbə vurur” .

Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyinin bəyanatında belə deyilir.

Tələb edilir ki, Azərbaycan "İstanbul Konvensiyası kimi tanınan "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası”na ratifikasiya etsin.

Elə oktyabrın 20-də Bakıda bir qrup insanın keçirdiyi etiraz yürüşündə də əsas tələb Azərbaycanın Avropa Şurasının İstanbul Konvensiyasını ratifikasiya etməsi idi.

"Dözmə! Yürüş et!” yürüşünün rəsmi bəyanatında bildirilirdi ki, onlar Azərbaycanda mütəmadi şəkildə baş verən, son dövrlərdə daha da intensiv hal alan qadın qətllərinə, qadınlara qarşı məişət zorakılıqlarına, psixoloji və fiziki zorakılıqlara, təzyiqlərə qarşı etiraz edirlər.

Bu ilin yanvar ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini və ya 4 milyon 999,1 min nəfərini qadınlar təşkil edib. Ötən il doğulan 139 min körpənin 46,6 faizi qız uşaqları olub.

Meydan Tv