18:45, 16 Avqust 2019 (Cümə) 695

“Qadınlar tribunanın da, futbolun da gözəlliyinə ayrıca bir rəng qatır... “ – Müsahibə

“Qadınlar tribunanın da, futbolun da gözəlliyinə ayrıca bir rəng qatır... “ – Müsahibə
Digər ölkələrdə olduğu kimi Azərbaycanda da qadın futbol azərkeşləri həmişə olub. Lakin onları tribunada çox az görürük. Son illər artıq Azərbaycan qadınları öz ailəsi, yaxınları və ya fan klublarla tribunalara üz tuturlar. 

Belə qadınlardan biri də Sevinc Məmmədovadır. Onun Toplum.Tv-yə müsahibəsini təqdim edirik:

- Sevinc  xanım, neçə yaşından, hansı futbol klubunun azərkeşisiz? Necə oldu ki, bu sevgi yarandı?

- Mən uşaq olanda babam həmişə futbol izləyirdi. Onunla baxa-baxa mən də azarkeş oldum. Artıq 28 yaşım var.  "Qarabağ” və "Liverpool” klublarının azərkeşiyəm.

- Tribunaya ilk neçə yaşınızda getdiniz? 
 
 

- Futbolu uzun illər sevsəm də, ailəm stadiona getməyimə həmişə qarşı çıxırdı. 2013-cü ildə, ilk dəfə 22 yaşımda ad gününə getmək bəhanəsiylə icazə alıb futbola getmişdim.  Dayımı,  başqa qohumlarımı özümlə aparırdım. Onlar stadionun düşündükləri qədər də pis olmadığına əmin olduqdan sonra icazə verdilər. Bir neçə dəfə gedəndən sonra artıq evdəkilər öyrəşməyə başladı. 

- İlk tribuna xatirəniz necə yadda qaldı? 

 - İlk dəfə tribunaya ayaq basanda gözlərimə inana bilmirdim.  Elə bilirdim yuxu görürəm.  Həyatımın ən unudulmaz günü olub mənim üçün.  İlk oyun,  ilk gördüyüm qələbə və Reynaldonun möhtəşəm qolu.  Bunu heç vaxt unutmayacağam.

- Hansısa fan klub üzvüsünüz?

- Xeyr.

- Niyə  fan kluba üzv olmamısınız?

-Fan kluba üzv olmaq əlavə məsuliyyət deməkdir.  Ümumi ortaq qərarlar almaq, bir rəhbər varsa, tabe olmaq, edəcəyin, etməyəcəyin şeyə onlarla qərar vermək və s.  Mən isə sərbəstliyi sevirəm .
 
-  Qadınlardan ibarət  "azad azərkeş” qrupunda iştirak etmək və ya belə qrup yaratmaq istərdiniz?

-Qadınların fan klubu var. Onlar xanım azarkeşləri pulsuz VIP bilet, şarflarla, klubun futbolkaları ilə təmin edir və xanımların daha rahat matç izləməsinə şərait yaradırlar.  Ən azından zərif cins nümayəndələrinin stadionda özünü rahat hiss etmələri üçün klub tərəfindən fan kluba hər cür dəstək göstərilir.  Azad azarkeş qrupu yaratmaq fikrim yoxdur.  Xanımların sayı durmadan artmaqdadır.  Bunun üçün mən nə isə etməyi düşünmürəm. Ümumən özündən razılıq kimi görünə bilər, amma mən bütün qızlarla yaxşı ünsiyyət qura bilmirəm.  Oğlanlar olan fan kluba qoşulmaq da alınmır. Onlar köynəyini soyunur, çiyin çiyinə bəstələr oxuyur.  Orda olsan, eynisini etməlisən.  Bu isə mənim həyat tərzimə ziddir.
 
 

- Hicablı olmanız sizə bir əngəl yaratdı? 

- Məncə, yox. Düzdü, birmənalı qarşılanmır, amma mən insanların fikrinə əhəmiyyət verməyi çoxdan tərgitmişəm. Bu mənim həyatımdır və onu kiminsə düşüncəsinə görə məhrumiyyətlərlə keçirə bilmərəm. Qəlbimi, niyyətimi, əqidəmi Allah bilir. Hansısa Əliqulunun, Gülçöhrənin fikri mənə mane olmur.

- Xarici ölkələrdə də futbol izləməyə getmisiniz? İlk səfəriniz hara olub?

- İlk dəfə iki il bundan öncə Gürcüstana getmişdim. Püşk atıldı, oyun "Qarabağ”  ilə "Samtredia” arasında idi. Baxdım ki, həm yol yaxındı, həm xərci azdı. Pasportumu düzəltdirdim və getdim.

- "Liverpool-Chelsea” oyununda iştirak etmisiniz,  necə oldu ora getmək qərarı aldınız?

- Aprelin axırları idi. İnternetdə gördüm ki, super kubok finalı İstanbulda olacaq. Dedim elə "Liverpool” finala çıxsa səfərə gedəcəm. Maraqlandım yol qiymətləri, qalmaq üçün yer falan, uyğun oldu.  Allaha şükür "Liverpool” Çempionlar liqasını   qazandı, bizə də yol göründü. Bileti aldım, hazırlıqları tamamladım və  İstanbula yola düşdüm. Liverpool şəhərində, "Liverpool”un stadionunda olmuşdum,  amma oyuna baxmamışdım.  Bu oyun fürsət oldu mənim üçün. 
 
 

- Bizim tribunalarla oradakı tribunada nə fərq gördünüz?

- Bizim tribunalar ancaq avrokubok oyunlarında dolur. Təəssüf ki,  azərkeş sarıdan korluq çəkirik.  Sözün açığı, izlədiyim final oyunu olduğundan stadionun dolu olması təbii idi, amma onu da deməliyəm ki, bu iki klubun matçlarında stadion, zatən, dolu olur.  Azərbaycan tribunasında  öz sözünü demiş azarkeş qrupları, çılğın azərkeşlər var. Hansı ki onlar 100 nəfər olanda 10 min adama dəyər. Ümumi götürsək,  Azərbaycan tribunasını avropa ilə müqayisə etməyə dəyməz. 

-  Sizin fikrinizcə, Azərbaycandakı tribunalarda niyə qadınlar azlıq təşkil edir?

-  Məncə, bunun əsas səbəbi mentalitetdir.  Kişilər öz xanımını, qızını, bacısını kişilərin çox olduğu məkana aparmağı,  orda olmaqlarını sevmir. Qadınların bir qismi özləri də tərbiyələndirmə şəklindən aslı olaraq stadiona getməyi düzgün  qarşılamırlar. Ümumiyyətlə isə bizdə onsuz da kişi azərkeşlər də azlıq təşkil edir. Bu baxımdan qadınların az olmasını demək də doğru deyil. Azlıq ümumi problemdir. 
 
 

-  Tribuna qorxusu olan xanımlarımıza nə demək istəyərdiniz?

- Qorxmağa dəyməz. Özlərinə güvənsinlər, heç kimin fikrinə əhəmiyət verməsinlər. Qadınların da öz hüquqları var.  Bu hüquqlara təhsilimiz, işləməyimiz  kimi sərbəst qərar verməyimiz də daxildir. Tribunada olmaq istəyirsinizsə, olun.  Qadınlar tribunanın da, futbolun da gözəlliyinə ayrıca bir rəng qatır.  

Sadəgül  Cəfərova