16:16, 13 Mart 2019 (Çərşənbə) 319

Qarabağ mitinqinə yenə icazə verilmədi

Qarabağ mitinqinə yenə icazə verilmədi
Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin martın 16-na təyin etdiyi mitinqi keçirməyə razılıq verməyib. Komitə icra hakimiyyətinə müraciətində aksiyanı paytaxtın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda, "Qarabağa azadlıq!” şüarı ilə keçirmək istədiyini qeyd etmişdi.

Bakı Şəhər İcra Hakimiyyətinin imtina məktubunda bildirilir ki, hakimiyyət Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün ölkə daxilində və beynəlxalq miqyasda ciddi iş apardığı üçün mitinqin keçirilməsi məqsədəuyğun hesab edilmir.

Bir qrup ictimai-siyasi xadimin ötən il yaratdığı Qarabağ Komitəsinin İdarə Heyətində İlham İsmayıl, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, Tural Abbaslı, Əvəz Zeynallı, Sahib Kərimli, Taleh Əliyev, Felmar Ələkbərov və Əlövsət Sadıqov təmsil olunurlar.

2018-ci il sentyabrın 29-da Qarabağ Komitəsi Yasamaldakı İdman-Sağlamlıq Kompleksinin stadionunda "Qarabağa azadlıq!” devizli mitinq keçirib. Bakı Şəhər İcra Hakimiyyəti komitənin eyni məkanda noyabrın 24-nə, dekabrın 15-nə və bu il fevralın 16-na təyin etdiyi mitinqlərə razılıq verməyib.

1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı "müstəqil dövlət” elan edib. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) ələ keçirib.

Novator.az