20:46, 08 İyun 2019 (Şənbə) 63

“Qarabağ Rusiyanın əlindədir” - Politoloq

“Qarabağ Rusiyanın əlindədir” - Politoloq
Rəsmi Yerevan və Azərbaycanın işğal altında olan torpaqlarında yaradılmış qondarma "Dağlıq Qarabağ Respublikası”nın liderləri arasında qarşılıqlı ittihamlar davam edir.

İyunun 5-də Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə görüşdə faktiki olaraq Dağlıq Qarabağı sabotajda ittiham edib:
"İndiyədək Ermənistan rəhbərliyi Qarabağa nizamlanma danışıqlarının gedişatı barədə məlumat verməyib”.

Bir neçə saat sonra qondarma respublikanın lideri Bako Saakyan mətbuat üçün bəyanat verərək, Paşinyanın iddialarını təkzib edib.

Toplum Tv Nikol Paşinyan və Qarabağ klanı arasındakı mübarizəni politoloqlarla müzakirə edib.

Siyasi şərhçi Zərdüşt Əlizadə hesab edir ki, Qarabağ klanı deyilən adamların heç bir resursu, səlahiyyəti yoxdur: "Qarabağ ordusunun da büdcəsi Ermənistan büdcəsindən gəlir. Yəni Paşinyan qol çəkir, onlar pul alırlar. Onlar faktiki olaraq  Rusiyanın kəşfiyyat orqanlarının işçiləridir. Və indi onlara Moskvadan göstəriş gəlib ki, Paşinyanı devirin. Əgər Moskvanın iradəsi olmasaydı, onların heç səsi çıxa biməzdi. Əgər proses başlayıbsa, axıra çatdıracaqlar. Paşinyan çətin ki, Ermənistan torpağında dərin kök atmış Rusiya casus şəbəkəsinə qalib gələ bilsin. Bunun üçün müxtəlif vasitələrdən, eləcə də Qarabağ kartından istifadə edirlər. Guya Paşinyan Qarabağı vermək istəyir. Əslində Qarabağ torpağı Paşinyanın deyil. Qarabağ Rusiyanın əlindədir”. 

Siyasi şərhçinin sözlərinə görə, Rusiya heç vaxt icazə verməz ki, onun tabeliyində olan ölkənin hər hansı birində rüşvətə bulaşmamış, öz xalqına xidmət etməyə çalışan və Rusiyadan asılı olmayan bir siyasi rəhbər olsun:
"Rusiya çalışır ki, onlardan asılı olan bütün ölkələrdə rüşvətxor, xalqından iyrənən cinayətkar və Rusiyadan asılı ünsürlər olsun. Paşiyan belə biri deyil. Rüşvətə əli bulaşmalıdır və Rusiyanın köləsinə çevrilməlidir, əks halda onu devirəcəklər”. 

Politoloq Azər Qasımlıya görə, Qarabağ klanını məhv etmək mümkün olmayacaq: "Sadəcə, Ermənistan siyasətində təsirini azaltaq mümkündür. Hazırda azalıb, amma tamamilə məhv etmək mümkünsüzdür. Bunun ilk növbədə səbəbi odur ki, Qarabağ klanı Qarabağda yerləşir. Qarabağ mövzusu həm Ermənistan üçün, həm də xaricdə yaşayan erməni diasporası üçün vacib və tarixi məsələdir.

Azər Qasımlı da Qarabağda Rusiya təsirinin çox güclü olduğunu deyib. 
 
 
Azər Qasımlı

O qeyd edib  ki, Paşinyan üçün Qarabağ klanını yox etmək mümkün olmayacaq, amma Qarabağ klanı Paşinyanı məğlub edə bilər: "Mən düşünürəm ki, Qarabağ klanı daha güclüdür. Amma Paşinyanı bu məsələdə axmaq hesab etmək olmaz. Əslində mən fikirləşirəm ki, Paşinyanın məqsədi Qarabağ klanının təsirini Ermənistanda sıfıra endirmək və Ermənistanı Minsk qrupundan çıxarmaqdan ibarətdir. Minsk qrupunda yalnız Dağlıq Qarabağ olsun. Ona görə, "Bişkek Protokolu”na daha əvvəldən də istinad edirdi ki, protokolda Dağlıq Qarabağın imzası durur. Bundan sonra Azərbaycan danışıqları  Dağıq Qarabağla aparsın. Əsas məqsəd Dağlıq Qarabağı Ermənistanın daxili və xarici siyasətindən çıxarmaqdır. Paşinyan çox gözəl anlayır ki, bunu bacarsa, Ermənistan daha aktiv inkişaf edə bilər. Ermənistan artıq Rusiyanın təsir altında çıxar. Bu şəkildə Ermənsitan Avropaya inteqrasiya prosesinə daha aktiv qoşular”.

Azər Qasımlı hesab edir ki, bu Gürcüstanda, Rusiyanın Abxaziya və Osetiyanın müstəqilliyini tanıması ilə baş verib: "Bu, Gürcüstanın inkişafına səbəb oldu. Paşinyanın da əsas məqsədi odur ki, bu təsirdən çıxsın. Bununla ikinci Ermənistan dövləti faktiki olaraq Qafqazda qalacaq və Ermənistan onu dəstəkləyəcək. Azərbaycan tərəfi isə hakimiyyətdə kim olmağından asılı olmayaraq, Dağlıq Qarabağı münaqişənin tərəfi hesab edə bilməz. Onunla heç bir danışıq apara bilməz”. 

Ermənistanda yerli müşahidəçilər baş verənləri Yerevan və Dağlıq Qarabağ arasında etimadsızlığın artmasına dəlalət edən, sabitliyi pozan və Ermənistan tərəfin təhlükəsizliyini təhdid altına qoyan təhlükəli təmayülün davamı kimi qiymətləndirirlər.

Uğur Fərzəli