18:58, 02 Sentyabr 2019 (Bazar ertəsi) 58

Qazaxıstan prezidenti xalqa ilk müraciətini edib

Qazaxıstan prezidenti xalqa ilk müraciətini edib


/ DÜNYA
Toqayev qurumlara tapşırıb ki, dinc nümayişlər keçirmək üçün vətəndaşlara icazə verilsin.

Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev iyun ayında keçirilmiş prezident seçkilərindəki qələbəsindən sonra ilk dəfə xalqa müraciət edib. O, qazaxlara siyasi rəqabəti və plüralizmi dəstəkləyəcəyini vəd edib, RFE/RL xəbər verir.

Sentyabrın 2-də parlamentdəki çıxışında Toqayev deyib ki, gələcək seçkilər ölkədə çoxpartiyalı sistemin inkişafına zəmin yaratmalıdr. Prezident yerli hakimiyyət orqanlarını vətəndaşlara dinc nümayişlər keçirməyə, fikirlərini sərbəst ifadə etmələrinə icazə verməyə çağırıb.

"Dinc aksiyaların məqsədi qanunu pozmamaq və digər vətəndaşları narahat etmək deyilsə, o zaman bu cür aksiyaların təşkilinə icazə verilməli, bu cür tədbirlər üçün xüsusi yerlər müəyyən edilməlidir. Bu tədbirlər şəhərətrafı ərazilərdə olmamalıdır,” - Toqayev deyib.

Toqayev əlavə edib ki, konstitusiyaya zidd hərəkətlər və xuliqanlıq kimi hallara çağırışların qarşısı qanuni yolla alınacaq.

Növbəti parlament və yerli seçkilərin keçirilməsi 2021-ci ilə planlaşdırılır.

Qazaxıstanın uzun zaman lideri olmuş Nursultan Nazarbayevin mart ayında qəfil istefa verməsinin ardından Toqayev iyunun 9-da keçirilən prezident seçkilərində qalib gəlib.
 
Meydan.Tv