15:35, 28 Oktyabr 2019 (Bazar ertəsi) 43

Qəbələdə yol tikintisi üçün 2 milyon manat ayrılıb

Qəbələdə yol tikintisi üçün 2 milyon manat ayrılıb
Prezident İlham Əliyev Qəbələ rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bu barədə Prezindentin rəsmi saytı məlumat yayıb.
 
Sərəncama əsasən, iyirmi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpası üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın birinci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın birinci hissəsində göstərilən körpünün tikintisi və avtomobil yolunun bərpası işlərinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmalıdır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.