19:30, 19 Oktyabr 2020 (Bazar ertəsi) 76

Qondarma "DQR" rəhbəri almaniyalı radikal sağçılarla görüşüb

Qondarma
Avropalı radikallar və seperatçılar "DQR"-i dəstəkləyən addımlar atır.

Qondarma "Dağlıq Qarabağ Respublikasının" rəhbəri Araik Arutunyan sağçı radikallardan ibarət "Almaniya üçün Alternativ" deputat fraksiyasının üzvlərini qəbul edib. Bu barədə "Sputnik Armeniya"nın 19 oktyabr tarixli xəbərində məlumat verilib.

Bir çoxları tərəfindən neo-nasist kimi qələmə verilən "Almaniya üçün Alternativ" fraksiyasının üzvləri Qarabağ münaqişəsində erməni tərəfə dəstək ifadə etmək üçün Dağlıq Qarabağa gəliblər. Almaniya parlamentinin üzvlərinin bir neçə gündür Xankəndində olduğu bildirilir. Erməni və alman radikalların görüşü zamanı cəbhədə baş verən hadisələr və bu hadisələrə siyasi qiymət vermək kimi məsələlər müzakirə olunub.

Araik Arutunyan "Almaniya üçün Alternativ" fraksiyası ilə beş ildir ki, əməkdaşlıq etdiklərini bildirib. O, fraksiya üzvlərinin belə çətin günlərdə bölgəyə səfərinin bu əməkdaşlığın necə uğurlu olduğunu göstərdiyini vurğulayıb.

Qondarma "Dağlıq Qarabağ Respublikası"na Avropadan birbaşa dəstək əsasən Avropanın sağçı radikallarından və separatist qüvvələrindən gəlir. Bundan əvvəl Bask və Kataloniya separatistləri də DQR-i dəstəkləyən bəyanatlar yaymışdılar.