Müsahibə

Qubad İbadoğlu: “ARDNF öz aktivlərinin bir hissəsini satışa çıxaracaq”

5 Aprel, 2020
2658
"İstəyirlər ki, Azərbaycan cəmiyyətinə düzgün informasiya çatmasın"
 
İqtisadçı Qubad İbadoğlu Toplum Tv-yə müsahibə verib.

- Hökumətin pandemiya ilə mübarizəsi hansı səbəblərdən ləng gedir?

- Düşünürəm ki, əvvəldən məsələyə məsuliyyətli yanaşma olmadı və vəziyyət ciddiyə alınmadı. Kifayət qədər zaman itirildi. Həm səhiyyənin, həm də digər vacib sektorların infrastruktur, resurs və personal hazırlığı lazımi səviyyədə deyil. Bizdə rəqəmsal iqtisadiyyat da zəif inkişaf edib, eyni zamanda, elektron hökumət platforması, demək olar ki, hazırda lazımı çıxış və tələblərə cavab vermir. Ləngimənin başqa bir səbəbini isə vahid idarəçilik sisteminin olmamasında görürəm. Vahid mərkəzdən idarə olunan güclü bir sistem bu mübarizədə əhəmyyətli rol oynaya bilər. Ümumiyyətlə, Azərbaycanda idarəçiliklə bağlı ciddi problemlər mövcuddur. Sistemsizlik, qeyri-ardıcıllıq və yarımçıq qərarlar var. Qısa misal kimi metronun bağlanmasından öncəki qərarsızlığı göstərə bilərəm. Bu ondan xəbər verir ki, qərarların alınmasında çeviklik yoxdur. Mərkəzdən idarəçilik də yoxdur. Qərarların qəbulunda həm də kənardan təsirlər hiss olunur. Bu, həm də hakimiyyətin daxilində belə məsələlərlə bağlı vahid mərkəzləşdirilmiş mövqenin olmadığını göstərir.

- Azərbaycan büdcəsinə xərclərin azaldılması üçün yenidən baxılması gözlənilir. Xərclərin azaldılması üçün hansı dəyişikliklər məqsədəuyğundur?

- Çox güman büdcəyə yaxın zamanlarda yenidən baxılacaq. Hesab edirəm ki, təkcə xərclərin azldılmasına yox, həm də gəlirlərin artırılmasına diqqət yetiriləcək. Dövlət Neft Fondundan transfer edilən gəlirlərin məbləği əvvəlki məbləğlə müqayisədə artırılacaq. Baxmayaraq ki, bu qəbul olunmuş fiskal qaydaya ziddir. Çünki fiskal qaydaya uyğun olaraq bundan artıq gəlirlərin dövlət büdcəsinə transferi mümkün deyil. Xərclərə gəldikdə, çox güman qayçılanan xərclər arasında investisiya xərcləri də olacaq. Ola bilər ki, bəzi sosial proqramlara da ayrılan xərclər azaldılsın. İcbari tibbi sığorta ilə bağlı proqrama ayrılmış 903 milyon manat vəsait də yarıya qədər azaldıla bilər. Təyinatı icra hakimiyyəti tərəfindən verilən birdəfəlik xərclərin də ixtisarı gözlənilir. O cümlədən, beynəlxalq tədbirlər, sektorlar üzrə isə kənd təsərrüfatı, ətrafın mühafizəsi, balıqçılıq, subsidiyalarla bağlı xərclərə yenidən baxılacaq. Əməkhaqqı, təqaüdlər və müavinatlar isə qayçılanmayan xərclər arasında olacaq.  

- Hökumət kapital və əmlak amnistiyası haqqında danışır. Sizcə, Azərbaycanın kapital və əmlak amnistiyasına imkanları yetərlidirmi?

- Bunu ancaq inzibati yolla həll etmək mümkündür. İndiki halda inzibati vasitələri işə salıb bəlkə də xaricdə olan kapitalın bir hissəsini ölkəyə gətirmək mümkündür. Daxildə olan əmlaka amnistiya tətbiq etməklə onu da leqallaşdırmaq olar. Amma mən o qədər də böyük nəticələr gözləmirəm. Azərbaycan hakimiyyəti də başa düşür ki, neftdən gələn və neftdən kənar sektordan pandemiyanın təsirindən gözlənilən qədər vergi və gömrük rüsumları toplaya bilməyəcək. Buna görə də daxili maliyyə qaynaqları hesabına müəyyən vəsaitləri büdcəyə çətin cəlb edə bilsin. Daxildə olan maliyyə qaynaqlarından biri də kapital və əmlak amnistiyası yolu ilə ölkədən oğurlanmış və xaricə yatırılmış vəsaitlərin bir qisminin Azərbaycana qaytarılmasıdır. Həyata keçirilsə, hakimiyyətin daxili qolları arasında mübarizə vasitəsinə çevrilməsə və ya çevrilib müəyyən mənada pozitiv effekt verəcəksə də mən istənilən halda amnistiyanın tərəfindəyəm. Amma onu da qeyd etmək istəyirəm ki, Azərbaycanda amnistiya məsələsi həmişə dünya bazarında neftin qiyməti ucuzlaşanda meydana gəlir. 2015-ci ildə də vergi amnistiyası ilə bağlı müəyyən təkliflər olmuşdu və o zaman da postneft dövründə daxili qaynaqlar hesabına dövlət büdcəsinə vəsait cəlb edilməsinin yollarından biri kimi amnistiya göstərilirdi. 

- Hazırkı situasiyada neftin qiymətinin aşağı düşməsi ölkənin iqtisadi imkanlarına necə təsir edəcək və bu şəraitdə Azərbaycan iqtisadiyyatını hansı çətinliklər gözləyir?

- Neftin qiymətinin aşağı düşməsi birbaşa Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcəsinə təsir edəcək və büdcə formalaşmasında ciddi problemlər yaradacaq. Gəlirlər 2020-ci il üçün 8 milyard 250 milyon dollar səviyyəsində proqnozlaşdırılmışdı. Çox güman ki, proqnoz edilən gəlirin heç yarısı belə səfərbər edilə bilməyəcək, baxmayaraq ki, Dövlət Neft Fondundan da dövlət büdcəsinə 6,8 milyard dollar səviyyəsində transfer nəzərdə tutulub. Bu da onu deməyə əsas verir ki, ARDNF öz aktivlərinin bir hissəsini satışa çıxaracaq və ordan əldə etdiyi gəlirlər hesabına dövlət büdcəsinə olan transferlərin maliyyələşməsinə nail olacaq. Belə olan halda, təbii ki, neftin ucuzlaşmasından ən çox təsirlənən ARDNF olacaq. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) də bu neqativ təsirlərdən uzaqda qala bilməyəcək. Çünki ARDNŞ-in də əldə etdiyi ixrac gəlirlərində azalma müşahidə olunacaq. Bütövlükdə isə bu dövlət büdcəsinə təsirsiz ötüşməyəcək. Baxmayaraq ki, ARDNF-dan dövlət büdcəsinə lazım olan qədər vəsait transfer ediləcək, amma büdcənin Neft Şirkətindən və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən(ABƏŞ) alacağı vəsaitin həcmində azalma müşahidə olunacaq. Nəzərə alsaq ki, qeyri-neft sektorundakı bəzi fəaliyyətlər də məhz neft sektorundakı durumla bağlıdır, o zaman qeyri-neft sektoruna da neftin qiymətinin aşağı düşməsinin neqativ təsirləri olacaq. Bütövlükdə isə bu proseslər büdcənin gəlirlər hissəsinin formalaşmasını çətinləşdirəcək.  

- Neçə vaxtdır ki, ölkədə islahat proqramları elan edilib. Bugünkü böhranın fonunda islahatlar özünü doğruldurmu?

- Doğrultmadı. İslahat proqramları elan edilsə də, yol xəritələri qəbul olunsa da, təəssüflər olsun ki, nəzərdə tutulan hədəflər yerinə yetirilmədi və qarşıya qoyulan vəzifələrə əməl edilmədi. Hazırda ölkədəki durum və böhran öncəsi start vəziyyət qənaətbəxş deyil. Çünki ölkədə böhrana müqavimət göstərə biləcək sistem formalaşdırılmayıb. Alternativ olaraq qeyri-neft sektoru da bu məsuliyyəti üzərinə götürə biləcək imkanda deyil ki, itirilmiş vəsaitlərin yerini doldursun. Xidmət sektoru isə, demək olar ki, sıradan çıxdı və koronavirus infeksiyasının təsirindən hələ uzun müddət özünə gələ bilməyəcək. Yeganə ümid kənd təsərrüfatına qalır. Kənd təsərrüfatında isə vergi öhdəlikləri olmadığı üçün bunu büdcə ilə əlaqələndirmək düzgün deyil. Kənd təsərrüfatı sadəcə olaraq daxili bazarda əmtəə bolluğunun yaradılması istiqamətində müəyyən effekt verə bilər. Digər tərəfdən kənd təsərrüfatı əsas qeyri-neft ixracatını təşkil edir. Bu baxımdan Azərbaycan hökuməti çox güman ki, pambıq və s. kimi ixrac yönümlü sektorlara diqqəti artıracaq.

- Bu günlərdə pandemiyadan başqa müzakirəyə səbəb olan mövzular arasında Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsi və ifadə azadlığı məsələsi də yer alır. İqtidar daha çox bunların hansından ehtiyat edir?

- Hər ikisindən də. Hər ikisi də iqtidar üçün heç də arzu olunan deyil. Tofiq Yaqublunu qanunsuz olaraq həbs etdilər. İfadə azadlığı ilə bağlı məsələlərin, xüsusi olaraq da sosial şəbəkələri tənzimləyən qanunların daha mühafizəkar formaya salınması onu göstərdi ki, iqtidar əsasən sosial mediadakı müzakirələrdən narahatdır. Sosial şəbəkələrə nəzarət imkanı olmayan hakimiyyət istəyir ki, itimai rəy liderlərini cəzalandırmaqla onlara müəyyən mənada təsir etsin. Bununla isə belə insanların sözügedən şəbəkələrdə fəaliyyətini azaltmaqla sosial şəbəkələrin özünün də bir növ effektini azaldılmasına nail olmaq istəyirlər. Eyni zamanda, T. Yaqublu kimi sözünü açıq deyən cəsarətli, fədakar siyasət adamlarının da azad cəmiyyətdən uzaqlaşdırılması da bu planın tərkib hissəsi kimi başa düşülməlidir. Yəni istəyirlər ki, Azərbaycan cəmiyyətinə düzgün informasiya çatmasın və cəmiyyətdə, sosial şəbəkələrdə insanlar ictimai rəy liderləri, siyasi və ictimai xadimlərdən lazım olan qədər məlumat alıb maariflənməsinlər. 

- Postpandemiya dövründə Azərbaycanda iqtisadi və siyasi cəhətdən gözlənilən çətinliklərin öhdəsindən gəlmək üçün hökumətin atmalı olduğu strateji addımlar hansılar olmalıdır?

- Hökumət böhranın təsirlərini azaltmaq barədə fikirləşməlidir. Hesab edirəm ki, məcmu tələbi ilə məcmu təklifi arasında tarazlıq yaradılmalıdır. Yalnız biznesə dəstəklə, onların gələcək fəaliyyətini təmin etməklə postpandemiya dövründə işgüzar mühit stimullaşdırılmamalıdır. Həm də istehlakçılara, əhaliyə dəstək olmaqla məcmu tələbi formalaşdırılmalıdır. Digər tərəfdənsə dövlət büdcədə qənaət rejimini tətbiq etməlidir. Hesabatlılıq və şəffaflıq artırılmalı, korrupsiya ilə mübarizə gücləndirilməlidir. Eləcə də inhisarçılıqla daha ciddi mübarizə vasitələrinə müraciət olunmalıdır.

Vüsalə Mikayıl

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Müsahibə

İH şöbə müdiri: Problem müharibə iştirakçılarının işsizliyidir

17 İyul 2022

Toplum TV

Qazi Elvin Cəfərovun Sabirabad rayon İcra Hakimiyyəti qarşısında özünü yandırmasından sonra Toplum TV icra başçısı Siraqəddin Cabbarova  iki  dəfə müsahibə üçün müraciət edib, ancaq başçı hər dəfə çox məşğul olduğunu bildirərək müsahibə verməyib. Suallara  Sabirabad rayon İcra Hakimiyyəti yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev cavab verib. -Elvin Cəfərovdan başqa da Sabirabadda qazi intiharları olub. Sizcə niyə qazilər etiraz üçün son varianatı - intiharı seçirlər? - Özünü asan qazini nəzərdə tutursunuz yəqin. Onun da ailəsi intiharın səbəbi ilə bağlı müraciət edib, bizim rəhbərlik onları qəbul edib, dinləyib. Kim bu barədə soruşursa, öyrənmək istəyirsə,...
Müsahibə

Rasim Balayev AKİ-yə sədr seçildi

31 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı baş tutub. Report-un xəbərinə görə, Xalq artisti Rasim Balayev ittifaqın sədri seçilib. Toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev açıb və ittifaqın sədrliyinə Rasim Balayev namizədliyinin irəli sürüldüyünü deyib. Anar Rzayev seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib və onun təklifi qəbul olunub. Açıq səsvermə ilə Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib. İttifaqın əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Seçilmiş Videolar

Toplum TV loqo