17:47, 26 Noyabr 2019 (Çərşənbə axşamı) 233

Qubad İbadoğlu: "Gələcək nəsillərin payı yeyilir"

Qubad İbadoğlu:
2020-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 55 ABŞ dollarına bərabər götürülüb. 

Maliyyə Nazirliyindən verilən məlumatda belə deyilir.

İqtisadçı Qubad İbadoğlu deyir ki, 2019-cu illə müqayisədə 2020-ci ildə büdcə parametrlərinin proqnozlaşdırılması məqsədilə neftin qiymətinin hər barel üçün 60 dollardan 55 dollaradək aşağı salınması nəzərdə tutulsa da, növbəti ilin dövlət büdcəsinin neft daxilolmalarından asılılğı yüksək olaraq qalacaq. 

Çünki son illərdə neft sektoru üzrə daxilolmalar Dövlət Neft Fondundan (ARDNF) transfertin dəyişməsindən sıx asılıdır: "Proqnozlara görə, 2020-ci ilin dövlət büdcəsi gəlirlərinin 56,1 faizi və ya 13530,0 milyon manat neft-qaz sektorunun payına düşəcək. Bu vəsaitin 11350,0 milyon manatını və ya 83,9 faizini ARDNF transfertləri təşkil edəcək. 

Strateji Yol Xəritəsində ARDNF transfertinin büdcədə payının 15 faizədək azaldılması hədəf  kimi müəyyələşdirilib, lakin 2018-ci ildə bu rəqəm faktiki olaraq 48,7 faiz, 2019-cu ilin proqnozlaşdırılan büdcəsində 49,1 faiz və 2020-ci ildə 47 faiz nisbətində nəzərdə tutulub”.

Onun sözlərinə görə, Strateji yol xəritəsinə əməl olunmur və gələcək nəsillərin payı yeyilir. 

İqtisadçı feysbuk hesabında yazır ki, orta müddətli dövr üçün büdcə proqnozlarında ARDNF-dən büdcəyə transfertin həcminin gələnilki səviyyədə saxlanılması nəzərdə tutulub. 

Bu isə o deməkdir ki, ARDNF-nin qarşıdakı illərdə gələcək nəsillər üçün yığım imkanları daha da məhdudlaşacaq: "Növbəti illər üçün neft hasilatının və qiymətərinin əvvəlki illərlə müqayisədə hətta o həddə aşağı düşə bilər ki, büdcəyə transfertlərin məbləği ARDNF-nin illik gəlirlərini də üstələyə bilər”.

Şəmsiyyə İbişova