21:24, 09 Avqust 2019 (Cümə) 176

Qubad İbadoğlu: "Statistika Komitəsi gerçəkliyi təhrif edir"

Qubad İbadoğlu:
"Statistika Komitəsi yenə iqtisadi deyil, siyasi məlumatları açıqlayır”.

Bunu Toplum TV-yə Dövlət Statistika Komitəsinin qiymət artımı ilə bağlı son açıqlamasını şərh edərkən iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

Dövlət Statistika Komitəsinin açıqlamasına görə, bu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,1%, qeyri-ərzaq mallarının qiymətləri 1,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,0% artıb.

Qubad İbadoğlu deyir ki, Statistika Komitəsi mövcud gerçəkliyi təhrif edir, yenə iqtisadi deyil, siyasi məlumatları açıqlayır: "İnflyasiya, yoxsulluq, işsizlik göstəricisini həmişə olduğu kimi saxtalaşdırmaqla məşğuldurlar. Azərbaycanda heç kəs inanmaz ki, 6 ay ərzində inflyasiya 2.7% olub. Yəni bu gülünc bir rəqəmdir. Çünki hər həftə, hər ay görürsən ki, qiymətlər bahalaşır. İnsanlar bunu büdcələrində, bazarlarda, dükanlarda his edir. Sadəcə, onu hazırlayanlar və onu yayanlar, bəlkə də, bilirlər doğru olan inflyasiya səviyyəsi nə qədərdir, amma onlar gerçək inflyasiyanı deyil, hakimiyyətin maraqlarına, hakimiyyətin təbliğat tələblərinə uyğun gələn göstəricini açıqlayırlar". 

Qubad İbadoğlu bildirib ki, vaxtilə onlar alternativ yolla və eyni metodologiya ilə Azərbaycanda qiymətlər üzərində statistik nəzarət aparıb, inflyasiyanı hesablayırdılar və həmin göstəricilərlə Statistika Komitəsinin göstəriciləri arasında bəzən dəfələrlə fərq yaranırdı: "Biz bunu 1 ay yox, 6 ay yox, 1 il yox, illərlə etmişik. 10 ilə yaxın bizim belə tədqiqatımız olub. Təəssüflər olsun ki, indi edə bilmirik, çünki bunun üçün müəyyən bir layihə, büdcə lazımdır. Onu da Azərbaycanda reallaşdırmaq mümkün deyil. Əgər alternativ yolla eyni metodologiya ilə qiymətlər üzərində statistik müşahidə aparıb, inflyasiyanı ölçsək, bəlli olacaq ki, Azərbaycandakı 6 aylıq inflyasiya səviyyəsi birrəqəmli deyil, ikirəqəmlidir. İnflyasiya səviyyəsi Azərbaycanda ilin sonuna qədər ikirəqəmli olaraq qeydə alınacaq və bu müşahidələrin nəticəsində istehlak büdcəsində, onun strukturunda baş verən dəyişikliklərin nəticəsində də sübut və təsdiq oluna bilər”.

Qubad İbadoğlunun sözlərinə görə, qiymət artımında ən ciddi səbəb inhisarçılıqdır: "Mövsümi dövrə baxmayaraq, Azərbaycanda indiyə qədər heç vaxt tərəvəz, bostan məhsulları, meyvələrin qiyməti bu qədər yüksək olmayıb. Azərbaycanlıların istehlakında xüsusilə də yayda bu məhsulların sayı kifayət qədər çoxdur. Qiymətlər əvvəlki mövsümlərə nisbətən xeyli bahadır. Və xüsusilə də bunu iyul ayında müşahidə etdik. Səbəblərdən biri də süni qiymət artımıdır. Halbuki ölkə başçısı da sosial iqtisadi məsələlərə dair müşavirədə bu məsələyə toxunmuşdu. Süni qiymət artımı Azərbaycanda qiymətlərin bahalaşmasına ciddi təsir göstərir. İnflyasiya, vergi və gömrük rüsumlarının və ödənişlərinin artırılması, inzibati qaydada ölkəyə gələn idxal mallarının gömrük dəyərinin şişirdilməsi qiymətlərin bahalaşmasına gətirib çıxarır. Korrupsiyanın özü də xərc elementidir. Məhsulların və xidmətlərin qiymətini qaldırır. Ən ciddi səbəb isə inhisarçılıqdır. Nə qədər ki ölkədə həm idxalda həm istehsalda inhisarçılıq mövcuddur, qiymətlərin səviyyəsi yüksək qalacaq”.

"Ümumi tendensiya onu göstərir ki, qışa doğru qiymətlərin səviyyəsindəki artım tempi, ilin birinci yarısındakı artım tempindən daha yüksək olacaq”, - iqtisadçı bildirib. 

Aytac Ağazadə