16:48, 29 Oktyabr 2019 (Çərşənbə axşamı) 99

Qubad İbadoğlu:"Prezidentin fərmanlarının icrası aşağı səviyyədədir”

Qubad İbadoğlu:
Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, Azərbaycanın hazırkı yeri qənaətbəxş olsa da, reytinqin son 1 il ərzində 9 pillə pisləşməsi narahatlıq doğurur və "islahat"larla təzad təşkil edir. 

Hesabata görə, Azərbaycanın mövqeyinin pisləşməsinə bu göstəricilər mənfi təsir göstərib: "Vergi ödəmək" - 40-cı yer (ötən il 20-ci yer), "Əmlakın qeydiyyatı" - 44-cü yer (ötən il 17-ci yer), "Müflisləşmənin həll edilməsi" - 47-ci yer ( ötən il 45-ci yer), "Elektrik enerjisini əldə etmək" - 80-ci yer ( ötən il 74-cü yer) və "Xırda investorların qorunması" - 105-ci yer ( ötən il 2-ci yer).

Qubad İbadoğlu hakimiyyət rəsmilərinə bununla bağlı sual ünvanlayıb. 

İqtisadçı soruşur: "Əgər həqiqətən Azərbaycanda ciddi islahatlar aparılırsa və onun hədəfində sahibkarlığın vəziyyətinin yaxşılaşdırılması durursa, onda niyə ölkəmizdə biznesin aparılması asanlaşmaq əvəzinə çətinləşib? Əgər ölkədə vergi ödəmək göstəricisi 1 ildə 2 dəfə pisləşirsə, onda hansı vergi islahatlarından və onun müsbət nəticələrindən danışmaq olar? Əmlakın qeydiyyatı 1 ildə 27 pillə pisləşibsə, onda prezidentin bu istiqamətdə imzaladığı fərmanların icrası niyə aşağı səviyyədədir?”

Dünya Bankının hazırladığı "Doing business 2020”  hesabatında Azərbaycan 34-cü yerdə qərarlaşıb. 

Ötənilki göstərici ilə müqayisədə ölkə 9 pillə geriləyib. Belə ki, Azərbaycan ötən il bu siyahıda 25-ci yerdə qərarlaşmışdı. 

Son reytinq cədvəlində Gürcüstan 7-ci, Litva 11-ci, Estoniya 18-ci, Latviya 19-cu, Qazaxıstan 25-ci, Rusiya 28-ci, Türkiyə 33-cü yerdədir. 

Bu siyahıda ötən il 41-ci yerdə olan Ermənistan da geriləyib, hazırda 47-ci yerdədir.

Elmar Əziz