17:46, 08 Yanvar 2021 (Cümə) 391

Qubad İbadoğlu: "İlham Əliyevdən üzr tələb etməliyik"

Qubad İbadoğlu:
FOTO: Azərbaycan 24.com

Nemət Əliyev:"Havada yellədiyiniz o kağıza çox da bel bağlamayın, İlham Əliyev!”.

"Bəs nə təklif edirsiniz, cənab İlham Əliyev! Danışmayaq? Məgər iqtisadçılar ölkəni və milləti geri atan problemləri və onun doğuran səbəbləri gündəmə daşımayanda hər şey yoluna düşür, adamların həyat səviyyəsi yaxşılaşır? Yəni demək istəyirsiniz ki, bu millətin bir parçası kimi söz demək, fikir irəli sürmək haqqımız yoxdur?”. 

Bunu AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı Nemət Əliyev Prezident İlham Əliyevin yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

 Nemət Əliyev
 FOTO: Sosial media

"Dünən yazdığını bu gün pozan Dünya Bankının "Doing Business” hesabatında çox şey yazıla bilər. Əsas olan ölkədaxili real vəziyyətdir. Azərbaycanda biznes iqlimi, investisiya iqlimi, həqiqətən də, yaxşıdırsa, o zaman xarici sərmayələrin illik həcminin son 5 ildə 6,8 milyard dollardan 2,9 milyard dollara düşməsini nəyin ayağına yazaq? Hər şey qaydasındadırsa, bəs niyə bu qədər xarici kapital ölkəni tərk edib? Bəs son 6 ildə yerli investorlarımızın illik sərmayələri 16 milyard dollardan 5 milyard dollara qədər azaltmasını haraya qoyaq? Sizcə, bunlar niyə "əlverişli biznes iqlimindən” qaçaq düşüblər? Hansı birini deyək? ÜDM-in 75,6 milyard dollardan 41,5 milyard dollara qədər azalmasınımı, kredit qoyuluşlarının 23,6 milyard dollardan 8,6 milyarda qədər enməsinimi, əhali əmanətlərinin 9,2 milyard dollardan 4,7 milyard dollara qədər düşməsinimi, yoxsa son 6-7 ayda əhalinin həyat səviyyəsinin 21 faiz pisləşməsinimi? Sosial-iqtisadi göstəricilərin dinamikasını əks etdirən diaqramlar ölkə iqtisadiyyatının məhz düzgün aparılmadığını göstərir. Əks halda, hər şey üzüaşağı getməzdi”, - Nemət Əliyev deyib. 

N.Əliyev qeyd edib ki, ölkə başçısı siyasətçilrin və iqtisadçıların çağrışını vaxtında dinləsəydi, indiki mənzərə başqa cür olardı: "Odur ki, sizə ötürülən hər raporta çox da arxlanmayın. Tənqidi fikirlərin səsləndiyi tərəfə dönməkdə də fayda var”.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri, iqtisadçı Qubad İbadoğlu da prezidentin çıxışına münasibət bidirib.

"Təəssüflər olsun ki, dövlət baçşısının bu cür davranışları və ziyanlı çıxışları artıq ənənə xarakteri alır, qərarlaşan neqativ tendensiyaya çevrilir. Hesab edirəm ki, bir vaxtlar Məhəmməd Əmin Rəsulzadəni satqın, Əbülfəz Elçibəyi alkoqoliq, Cəmil Həsənlini ermənilərin dəyirmanına su tökən, iqtisadçıları ünsürlər, tiplər kimi cəmiyyətə təqdim edən dövlət başçının tənqidçiləri "banlayan xoruzlara" oxşatmasının, ardınca da danışanlara "dilinizi qarnına qoyun" çağrışınının zərərlərinin fərqinə vaxtında varmaq lazımdır”, - Qubad İbadoğlu vurğulayıb. 

İqtisadçı prezidentin səsləndirdiyi fikirlərin ara sözlərdən təşkil olunduğunu, həmçinin, belə sözlərin nə dövlətin rəsmi protokol, nə də işgüzar dilində işlədilmədiyini deyir: "Ölkə başçısının bu tip uğursuz ifadələrlə gündəmə gəlməsi onu nüfuzdan salır, intellektinə şübhə yaradır, siyasi mədəniyyətinə xələl gətirir”.
 
Onun fikrincə, prezident dövlətin atributu olduğundan özünü istədiyi kimi apara, həçminin bütün vətəndaşları öz işçisi, ölkəni isə şəxsi mülkiyyəti hesab edə bilməz: "Ölkə başçısının fikirləri arqumentli olmalı, iddiaları əsaslandırılmalıdır, çünki onun çıxışları dərsliklərdə, elmi məqalələrdə istinad mənbəyinə çevrilir. Təsəvvür edirsinizmi, prezidentdən nümünə götürən atalar və ya analar övladlarına, müəllimlər şagirdlərinə, professorlar tələbələrinə "xoruz kimi banlama", "dilini qarnına qoy" ifadələrini işlətsələr, bu bütövlükdə cəmiyyətdə hansı eybəcərliklərin yaranmasına gətirib çıxara bilər”. 

ADR hərəkatının sədri hesab edir ki, İlham Əliyev səsləndirdiyi fikirlərə görə üzr istəməlidir: "Fikrimcə, prezidentin həm ölkə və həm də tarix üçün zərərli çıxışlarını onun əleyhinə olan ictimai mövqe sərgiləmək, etiraz bildirməklə dayandırmaq olar. Bunu yalnız biz edə bilərik. Çünki, prezidentin ətrafında olan yaltaqlar əksini edirlər, belə çıxışlardan sonra ona "əla və yerində dediniz cənab prezident" rəyini bildirməklə dövlət başçısını belə hallara daha da sövq edirlər. Prezidentə onlara ünvanladığı təhqirəmiz ifadələrə qarşı birgə mövqe qoymaq istəyən iqtisadçıları əməkdaşlığa dəvət edirəm. Hörmətli iqtisadçılar, gəlin prezidentə müraciət göndərib, bu ifadələrə etirazımızı bildirək və ondan üzr istəməyini tələb edək”.

Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə beynalxalq qrumların Azərbaycanda gedən işlərə müsbət yanaşdığını vurğulayıb.

O çıxışında ölkədə və xaricdə çalışan iqtisaçıları da tənqid edib: "Dünya Bankının "Doing Business” hesabatında, - yəqin vətəndaşlar xatırlayırlar, - bir neçə ölkə haqqında məlumatlar qeyri-dəqiq idi. Dünya Bankı bir neçə ay bundan əvvəl bildirmişdi ki, bu ölkələrin reytinqlərinə yenidən baxılacaq, o cümlədən Azərbaycan da bu siyahıda idi. Beləliklə, yenidən baxıldı və bizim reytinqimiz artırıldı. Çünki ondan əvvəl düzgün hesablanmamışdı. Bilmirəm hansı səbəblərə görə, o, başqa məsələdir. Amma yeni reytinqə görə, Dünya Bankının "Doing Business” proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir. Bizim işimizə ağızlarını büzən, iqtisadiyyatdan başı çıxmayan tiplər üçün, ünsürlər üçün, bax, budur əsas. Dünya Bankı bunu deyir. Biznes iqlimi, investisiya iqlimi, aparılan islahatlar Dünya Bankı tərəfindən qeyd edilir. Bundan əlavə, Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir. Ona görə deyirəm, dırnaqarası, qondarma iqtisadçılar, xaricdə və burada banlayan dırnaqarası iqtisadçılar, açın gözünüzü baxın və dilinizi qoyun qarnınıza. Yoxsa, yerindən duran bizə dərs deyəcək: "iqtisadiyyat düzgün aparılmır, elədir, belədir”. Gedin, oxuyun, əgər oxuya bilirsinizsə”.

Roza Məmmədova