Müsahibə

Qulu Ağsəs: “Heç bir yazıçı müharibəni təbliğ etmir”

13 Noyabr, 2020
749
 Şair Qulu Ağsəsin "Toplum TV"-yə müsahibəsini təqdim edirik.
 
- "Ədəbiyyat da müharibə kimidir. Amma müharibədə kimsə kimisə xilas edir, ədəbiyyatda bu da yoxdur”- sizin sözlərinizdir. Müharibə çox şeyləri dəyişir. Ədəbiyyat da nəyisə dəyişə bilirmi? 

 - Əgər bir yazıçının da məqsədi haranısa fəth etməkdirsə və ya bir az kobud desək, daha çox oxucu kütləsi, daha çox  ölkə, qəsəbə, kənd  işğal etməkdirsə, bəli, onda ədəbiyyatı da müharibəyə bənzətmək olar. İndi yanaşma əvvəlkinə nisbətən fərqlidir. Əvvəllər insanlar elə bilirdi ki, ədəbiyyat hamının yerinə bütün işləri görməlidir. Yəni ədəbiyyatı biz bir az kütləvi silaha bənzədirdik. İndi də elə oxucular var ki, elə bilirlər, ədəbiyyat bir həmləyə hər yeri "almalıdır”. Yox, indi ədəbiyyat kütləvi qırğın silahı deyil,  adamları təkləyib, ayrı-ayrılıqda məğlub etmə sənətidir. Çağdaş dünyanın "sənət sənət üçündür” prinsipi XXI əsrdə gəlib yerini tutur, baxmayaraq ki, bu, XX əsrdə deyilmişdi. Sənət sənət üçündür, ədəbiyyat ədəbiyyat üçündür, söz söz adamları üçündür və bunu hamıya bulaşdırmaq, hamınınkı etmək, virus kimi yaymaq dövrü keçdi. Bunu son illərdə ədəbiyyat  üzrə Nobel mükafatçıları da, digər tanınmış insanlar da deyir. Əvvəlki yazıçılar daha çox tanınırdı, daha çox populyar idİ, amma indi riyaziyyatçıları, kimyaçıları nə qədər adam tanıyırsa, ədəbiyyat adamlarını da o təxminən qədər adam tanıyır. 

- Bəlkə buna görə böyük əsərlər yaratmağa, ədəbiyyata can qoymağa yazarların həvəsi yoxdur? Məsələn, Markes bizim dövrdə yaşasaydı, nə qədər hörməti, nə qədər populyarlığı olardı?  

- Ümumiyyətlə, indi ədəbiyyat adamı əvvələr olduğu kimi sevilmir. Hətta sevilsə də, o artıq mif deyil. Sovet dövründəki yazıçılarımıza, şairlərə olan münasibət indi adama bir xəyal kimi, yuxu kimi  gəlir. O dövrün yazıçıları, şairləri məişət problemlərindən uzaq idilər. Onların çox saylı, minlik, bəzən hətta milyonluq fanatları vardı və pərəstişkarları onları ancaq efirdə, görüşlərdə, tribuna arxasında görürdülər, daha bizim kimi bazarda-dükanda alver eləyərkən görmürdülər.

- Ya da hansısa  gənc şair təhqir eləmirdi onları, eləmi?

- Yəgin ki, o vaxtlar belə şey heç ağla da gəlməzdi. Düzdür, ədəbiyyatda qarşıdurma, nəsillərin bir-birini inkarı həmişə olub - sovet dövründə də, on doqquzuncu əsrdə də. Amma kimsə kimisə "Faysbuk”da təhqir etsin, ya videosunu çəksin, belə şeylər olmayıb… İndi həqarətin min bir yolu var. Elə bir dövr gəlib çatıb ki, bütün mənəvi bağlar qırılıb. İndi təlqin olunur ki, insansansa, müqəddəs deyilsən. Amma əvvəllər deyirdilər ki, insan yer üzünün əşrəfidir, insan müqəddəsdir. Hətta Oljas Süleymanov deyib ki, şair gərək Allah qədər gözəl olsun bu dünyada. Qazaxlar da ona inanırdılar, təkcə qazaxlar yox, bütün SSRİ  xalqları. Müxtəlif dövrlərdə klassikilər, filosoflar, söz adamları insanı, yazıçıları, şairləri, fikir adamlarını vəsf eləmişdilər. Ona olmazın xoş sözlər demişdilər. Güya onların insan xislətindəki naqislikdən, alçaqlıqdan xəbərləri yoxdu? Vardı. Amma onlar insandakı insanı oyatmağa çalışırdılar. İnsanın içindəki Tanrını, mələyi oyatmağa çalışırdılar. Şər, şeytanlıq insanın içində həmişə olub. Onu oyatmağa ehtiyac yoxdur, bunu zərbəsi bizim özümüzə dəyəcək.. Əksinə, insandakı  müsbət meyilləri "çağırmaq”, ayağa qaldırmaq lazımdır. Təbii ki, insan obrazı qəliz mövzudur. İnsan dəyişmir, göy qübbəsinin altında hər şey dəyişir, insan dəyişmir. 

- Bəs ədəbiyyatın müharibəyə çağırması necə, buna hansı halda haqq qazandırmaq olar? Heminquey deyir ki, haqlı müharibəyə öyrəşirsən. Amma bəziləri hesab edir ki, yazıçılar heç vaxt müharibəyə öyrəşməməli, onu dəstəkləməməlidirlər. Bu haqda nə fikirləşirsiniz?

-Heminquey  müharibə görmüşdü, müharibənin nə olduğunu yaxşı bilirdi. Amma o özü də müharibəni təbliğ eləmir, ümumiyyətlə, dünyada heç bir yazıçı müharibəni təbliğ eləmir. Çünki müharibə və ədəbiyyat daban-dabana ziddir. Müharibə dünyanın harmoniyasının pozulmasıdır, yazıcı isə harmoniya yaratmaq istəyir. Bunlar heç cür dost ola bilməzlər. Amma buna rəğmən bu yazıçılar müharibədə iştirak ediblər - bəzən könüllü, bəzən könülsüz, yəni mükəlləfiyyət olaraq. Təəssüflər olsun ki, bu günə qədər gəlib keçən tarix müharibənin qaçılmaz bir proses olduğunu göstərir. Hətta bəziləri bunu bəşəriyyətin təmizlənməsi adlandırırlar. Deyirlər ki, bəşəriyyət müharibədən keçməlidir, təmizlik işləri aparılmalıdır. Bu kobud və vəhşi deyimdə də həqiqət var. Çünki müharibə həqiqətən də insanların sayını azaldır, ondan sonra gələnlər bir növ onlara düşən paydan daha çox qidalana bilirlər. Onu da deyim ki, Azərbaycandakı vəziyyət istisna vəziyyətdir. Azərbaycan yazıçısı müharibə istəmir, sülh istəyir. O sülhün yaranması üçün lazım oldu bu müharibə. Bizim savaşımız elə sülh naminədir. Birləşmiş Millətlər Təşkilatı iki yüz ölkəni başına yığıb, o boyda təşkilat özünə bir damcı hörmət eləməli idi. Çox yox, bircə damcı. Bu damcı  Azərbaycanın ərazisinə düşsə, bütün separatçıları yuyub aparardı. Əgər gerçək nüfuzu varsa. İki yüz ölkəni özündə birləşdirən bir təşkilat dediyi sözün birini yeridə bilmir Ermənistana – bu, çox gülməlidir. Necə ola bilər  ki, dünyanın ən böyük təşkilatı dünyanın çox balaca dövləti olan Ermənistana dörd qətnamə həsr etsin, qoşunlarını çıxart desin, Ermənistan onu saymasın. Belə bir şey necə mümkün olur? Çünki Azərbaycana açıq basqı var, açıq nifrət var. Bu gün biz 30 ildən sonra, sentyabrın 27-dən sonra dünya ölkələri arasında böyük bir xəndək qazmışıq. Sən xəndəyin ya o tərəfindəsən, ya da bu tərəfində. Xəndəyin içində olmaq yoxdur. Ya terrorun tərəfindəsən, ya da ədalətin. Eyni zamanda, mən özünə hörmət edən heç bir quşa sülh göyərçini olmağı arzulamıram. Özünə hörmətin varsa, nə istəyirsən ola bilərsən, amma sülh göyərçini ola bilməzsən. Bu, dünyada analoqu olmayan bir şeydir: Azərbaycanın ərazisində terror qurumu yarat, ona başçı seç, özünü respublika elan elə, bu azmış kimi ətrafındakı yeddi rayonu da işğal elə ki, bu da mənim təhlükəsizliyim üçün lazımdır. Bundan artıq həqarət mən təsəvvür edə bilmirəm. Dünyanın heç bir yerində belə bir şey ola bilməz. Tutaq ki, Gürcüstanda da Cəbubi Osetiya ayrılıb özünü müstəqil elan edib, amma onlar əlavə yeddi rayon da işğal etməyiblər. 

- Bizim müharibə ədəbiyyatımız varmı? 

- Bizim müharibəmiz ədəbiyyatda var, amma müharibə ədəbiyyatımız... Bu sual aktual olaraq qalır. Çünki indi müharibə haqqında yazılmış ədəbiyyatın bir qisminin müharibəyə dəxli var, ədəbiyyata yox. Bir qisminin isə ancaq ədəbiyyata dəxli var. Yəni yazıçı, şair nə qədər vətənpərvər olsa da, yazıçı olduğunu, şair  olduğunu unutmamalıdır. O ədəbi həqiqətin nə olduğunu bilməlidir və ədəbi həqiqətə xidmət eləməlidir. İnşallah, bu epoxa keçib gedəcək, tezliklə Qarabağa qovuşacağıq. Mən qələbədən sonra Qarabağ müharibəsi haqqında yazılacaq əsərləri gözləyirəm. Məncə onlar daha sərt, daha inandırıcı və daha səmimi olacaq. 

- Kim yazacaq? Bizim müharibə yazıçımız yoxdur. Heminquey, Corc Oruel müharibənin içində olub yazmışdılar. Zakir Sadatlı "Əfqanıstan uçurumunu” özü olduğu müharibədən yazmışdı. Müharibədə olmadan onun haqqında ciddi əsər yaratmaq olarmı? 

- Əvvəla, müharibə hamımızın taleyindən keçib. İkincisi, söhbət əlinə silah alıb döyüşməkdən gedirsə, bizim belə yazıçılarımız və şairlərimiz var. Hazırda ön cəbhədə olan Emin Piri var, Elmar Vüqarlı var. Könüllü gedən, adlarını heç mətbuata açıqlamayan kifayət qədər ədəbiyyatçı var. Şəxsən mən müharibənin nə olduğunu çox yaxşı bilirəm. Mən elə səngərlərdə böyümüşəm. Müharibə bütün taleyimdən keçib. Yoldaşlarımı, dostlarımı itirmişəm. İyirmi səkkiz ildir itkin düşən dostum var. Müharibə mənim atamın uyuduğu qəbirsanlığı dağıdıb, ev-eşiyimizi dağıdıb. Müharibənin hansı sifətini görməmişəm ki, deyim, o üzünü tanımıram. Mən özümü atmadım davaya, dava özü gəldi ilişdi mənə. Amma kimsə gedib davada döyüşüb, ordan yazacaqsa, nə gözəl. Yenə deyirəm - yaxşı yazacaqsa. Gedib səngərdə döyüşmək hələ o demək deyil ki, o gəlib yaxşı əsər yaradacaq. Savaşın şərtləri başqadır, qələmin şərtləri başqa. İnanıram ki, cəbhədə olan yazıçılarımız gəlib ortaya yaxşı əsərlər qoyacaqlar. Amma kimsə indi gedib, tutaq ki,  güllə atmırsa, topun arxasında deyilsə, o demək deyil ki, bu müharibəni anlamır, duymur. 

- Müharibə ədəbiyyatı deyəndə daha çox rus ədəbiyyatı yada düşür. 

- Amerika yazıçılarından biri deyir ki, dünyada söyüş söymək, fit çalmaq daha çox ruslara yaraşır, o cümlədən müharibə ədəbiyyatı. Ruslar müharibə etməyi də bacarırlar, yaxşı bacarırlar, bunu etiraf etmək lazımdır. Rusiya tarixi müharibələrlə doludur. Təkcə Tolstoyun "Hərb və sülh”ü, "Hacı Murad”ı bəs edir. Tolstoy təpədən dırnağa rusdur. Amma eyni zamanda təpədən dırnağa ədəbiyyat adamıdır. Rusiyanı sevdiyi qədər ədəbiyyatı da sevir. Ona görə o cür böyük, nəhəng əsər yarada bilib. Müharibədən yazan böyük yazıçılar həmişə o balansı qoruduqları üçün örnək gətiriləsi əsərləri olub. Son illər Qarabağ haqqında yazılan şeirlər, əsərlər var ki, hamısı böyük ehtirama layiqdir. Çox təəssüflər olsun ki, keyfiyyətləri haqda eyni şeyi deyə bilmərəm. Hətta aralarında trend olmuş mahnı mətnləri var ki, bədii baxımdan olduqca zəifdir. Neyləyə bilərəm? Mənim gücüm ancaq onları "Ulduz” jurnalında çap etməməyə çatır.

Bu gün baş verənlər - bu qarşıdurmalar, savaşlar, tökülən qanlar  ədəbiyyat üçün çox böyük mövzudur. Amma bunu istedadla ortaya gətirmək, dünyanın malı eləmək lazımdır. Bunu sözün malı etmək lazımdır, bunları şüarla, hay-küylə ədəbiyyata gətirsək, Qarabağ mahalından o tərəfə çıxmayacaq, yəni lokal bir sənət nümunəsi olacaq, özümüz üçün olacaq. İndi filmlər çəkirik, vətənpərvər filmlər, o filmlər ancaq bizim özümüzə lazımdır. Onlar beynəlxalq müsabiqədə yer tuta bilməz. Çünki sırf bir auditoriya üçün hesablanıb. O cümlədən də bizim Qarabağdan yazdığımız  yazılar daha çox Qarabağ icmasına, hətta Azərbaycana da yox, Qarabağ köçkünlərinə hesablanıb. 

- Axı sizin gücünüz təkcə zəif əsərləri "Ulduz”da çap etməməyə çatmamalıdır. Konstantin Simonov müharibə dövründə dillər əzbəri olan "Gözlə məni” şeirini yazmışdı. Amma həm də müharibə haqda ən gözəl nəsr əsərlərini yaratmışdı. Sizin də Xaliq adlı itkin dostunuza yazdığınız "Gəlməsəm, gözlə məni” şeiriniz var...

- (sözümü kəsir)

...Allaha baxmasaydım, girməzdin yuxuma da,
Torpaq kimi soyuyur ən isti yaxın adam.
Harda itib-batmısan, hayına çağır, gəlim
Toyuna çağırmadın, vayına çağır, gəlim...

Susuruq... 

Və mən müsahibəni bitirirəm... 

Qızılgül ABDİNOVA

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Müsahibə

İH şöbə müdiri: Problem müharibə iştirakçılarının işsizliyidir

17 İyul 2022

Toplum TV

Qazi Elvin Cəfərovun Sabirabad rayon İcra Hakimiyyəti qarşısında özünü yandırmasından sonra Toplum TV icra başçısı Siraqəddin Cabbarova  iki  dəfə müsahibə üçün müraciət edib, ancaq başçı hər dəfə çox məşğul olduğunu bildirərək müsahibə verməyib. Suallara  Sabirabad rayon İcra Hakimiyyəti yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev cavab verib. -Elvin Cəfərovdan başqa da Sabirabadda qazi intiharları olub. Sizcə niyə qazilər etiraz üçün son varianatı - intiharı seçirlər? - Özünü asan qazini nəzərdə tutursunuz yəqin. Onun da ailəsi intiharın səbəbi ilə bağlı müraciət edib, bizim rəhbərlik onları qəbul edib, dinləyib. Kim bu barədə soruşursa, öyrənmək istəyirsə,...
Müsahibə

Rasim Balayev AKİ-yə sədr seçildi

31 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı baş tutub. Report-un xəbərinə görə, Xalq artisti Rasim Balayev ittifaqın sədri seçilib. Toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev açıb və ittifaqın sədrliyinə Rasim Balayev namizədliyinin irəli sürüldüyünü deyib. Anar Rzayev seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib və onun təklifi qəbul olunub. Açıq səsvermə ilə Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib. İttifaqın əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Seçilmiş Videolar

Toplum TV loqo