11:55, 11 Yanvar 2021 (Bazar ertəsi) 95

Rauf Mirqədirov: "Rusiya heç vaxt sülh gətirmir və münaqişə həll etmir”

Rauf Mirqədirov:
Rauf Mirqədirov
FOTO:meydan tv

Fərhad Mehdiyev: "Sülhməramlıların mandatı üçtərəfli razılaşma ilə deyil, Rusiya prezidentin fərmanı ilə tənzimlənir"

"Sülhməramlılar faktiki olaraq Bakının hüquqi razılığı olmadan Qarabağdadırlar”.

Bu sözləri Ermənistanın Vatikandakı keçmiş səfiri, üçüncü prezidentin kürəkəni Mikael Minasyan deyib. 

Xəbəri "Sputnik Armeniya" yayıb. 

Minasyanın iddiasına görə, noyabrın 9-da Rusiya sülhməramlıların mandatını tənzimləyən sənəd hazırlayıb: "Amma Rusiya və Ermənistandan fərqli olaraq  Azərbaycan həmin sənədi imzalamayıb". 

O, Bakının sənədi imzalamaqdan imtina etməsini sülhməramlıların fəaliyyətini tənzimləyən üç əlavə bəndin daxil edilməsi tələbiylə əlaqələndirib. 

Onun dediyinə görə, Azərbaycan aşağıdakı tələblərlə çıxış edib:

- Qarabağda heç bir erməni qoşunu (o cümlədən Qarabağ SQ) olmamalıdır, belə ki, bura Azərbaycan torpaqlarıdır. Azərbaycan qoşunları qanuni olaraq, Rusiya qoşunları isə Azərbaycanın razılığı ilə oradadır.

- Ermənistan rəsmilərinin Qarabağa bütün səfərləri Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır.

- Qarabağın özünüidarə orqanları Bakı və sülhməramlılar ilə razılaşdırılmaqla təyin edilməlidir.

Minasyan hesab edir ki, Azərbaycanla razılaşdırılmamış, amma Paşinyanla artıq imzalanmış sənəd Azərbaycanın əlinə əlavə təzyiq vasitələri verir. Tələbləri yerinə yetirilmədiyi təqdirdə Bakı sülhməramlıların çıxarılmasını tələb edə bilər.

Minasyanın iddialarına münasibət bildirən siyasi şərhçi Rauf Mirqədirov isə hesab edir ki, sənəd heç bir hüquqi qüvvəyə malik deyil: "Əsas tərəflərdən birinin imzalamadığı sənəd hüquqi qüvvəyə malik deyil və onun mövcudluğu heç bir önəm daşımır”. 

O deyir ki, bu fikirləri səsləndirən ölkənin üçüncü prezidenti Serj Sərkisyanın kürəkəni - hazırda Paşinyana qarşı müxalifətdə olan şəxsdir. Yəni sənəd mövcud olsa belə, bu fikirlər Ermənistanın daxilindəki siyasi mübarizədə istifadə etmək, Paşinyanın xəyanat etməyə hazır olduğunu nümayiş etdirmək üçün səsləndirilir.

"10 noyabr bəyanatından başqa heç bir sənəd imzalanmayıb”, - bunu isə yanvarın 7-də Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirdiyi müşavirədə deyib.

"Hesab edirəm ki, noyabrın 10-da imzalanmış bəyanat gələcək fəaliyyət üçün əsas olmalıdır. Bu bəyanatdan başqa, hər hansı bir digər sənəd imzalanmayıb”, - deyə Əliyev bildirib. 

Bəs Qarabağdakı Rusiya sülhməramlılarının mandatını hansı sənəd tənzimləyir? 

R. Mirqədirov bildirib ki, Rusiya sülhməramlılarının regionda mövcudiyyətinin hüquqi bazası var, amma fəaliyyətinin mandatı yoxdur: "Rusiya orada istədiyi fəaliyyətlə məşğul olur. Demək olar ki, Rusiya mərkəzi hakimiyyət orqanlarının yerli strukturlarını yaradır. Məsələn, nəqliyyat, tikinti, tibbi məsələlərlə məşğul olan yerli idarələr yaradılır və bütün bunlar heç bir sənədə əsaslanmır. Halbuki bizim bildiyimiz birgə bəyanatda rus sülhməramlılarının tək səlahiyyəti ayırıcı qüvvə olmaları idi”. 

Rusiya sülhməramlılarının mandatını tənzimləyən sənədin olmaması ölkə üçün nə dərəcədə təhlükə yaradır? 

"Rus sülhməramlılarının özü Azərbaycan üçün təhdiddir. Rusiya heç vaxt sülh gətirmir və münaqişəni həll etmir”, - R.Mirqədirov belə deyir.  

Gürcüstanda hətta BMT tərəfindən sülhməramlıların mandatının müəyyənləşdirildiyini xatırladan siyasi şərhçi deyir ki, buna baxmayaraq, faktiki Gürcüstanın bir hissəsi işğal olunub: "Lakin sülhməramlıların mandatı olmalıdır, onlar işlə məşğul olub-olmayacaqlarını bilməlidirlər. Bu məsələ ciddi müzakirə olunmalıdır, çünki sülhməramlılar özlərini Dağlıq Qarabağın sahibi kimi aparırlar”. 

Hüquqşünas Fərhad Mehdiyev isə "Toplum. TV"yə deyir ki, 10 noyabr razılaşmasında sülhməramlıların səlahiyyətləri barədə məlumatlar qısıtlıdır. 

 FOTO:Sosial media

Bəyanatdan çıxan ilkin nəticəyə görə, sülhməramlıların mandatı tərəflər arasında atəşkəsə nəzarət etmək, müəyyən bölgələrdə hərbi nəzarəti əllərində saxlamaqdır: "Burada sülhməramlıların mandatı dedikdə tərəflər arasında bir qalxan rolunu oynamaqla, onların sonrakı hücum əməliyyatlarının qarşısının alınması da nəzərdə tutulur”.

Sülhməramlıların vəzifələrini sadalayan hüquqşünas bildirir ki, beynəlxalq təcrübədə onların hərbi əməliyyatlar aparması nəzərdə tutulmasa da, demilitarizasiya aparması - rəsmi olmayan qurumların, silahlı qrupların və əhalinin əlindən silahları toplaması mümkündür: "Eyni zamanda humanitar yardımın çatıdırılması, mülki əhalinin yaşadığı yerlərin minalardan təmizlənməsi, atəşkəsə monitorinq etmək də adətən sülhməramlıların vəzifəsidir”. 

F. Mehdiyev vurğulayır ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı üçtərəfli razılaşma ilə deyil, Rusiya prezidentin fərmanı ilə tənzimlənir. 

Rusiya prezidentinin fərmanında bu barədə nə deyilir? 

Keçən il noyabrın 13-də Rusiyanın prezidenti Vladimir Putin "İdarələrarası Humanitar Yardım” haqqında fərman imzalayıb. 

Fərmanda deyilir ki, qərar Dağlıq Qarabağda humanitar məsələlərin həllinə və infrastrukturun bərpasına kömək etmək üçün qəbul olunur. 

Qərara əsasən, İdarələrarası Mərkəz yaradılıb, mərkəzin tərkibinə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin nümayəndələri və digər maraqlı federal icra orqanlarının nümayəndələri daxil edilib: 

"İdarələrarası Mərkəzin əsas funksiyalarına Dağlıq Qarabağ bölgəsini tərk etmiş vətəndaşların daimi yaşayış yerlərinə qayıtmasına kömək etmək, Azərbaycan və Ermənistanın dövlət orqanlarına mülki infrastrukturun bərpası və əhalisinin normal həyatı üçün şərait yaradılması ilə bağlı yardım etmək, bölgələrinin sakinlərinə humanitar yardım göstərmək, beynəlxalq humanitar təşkilatlarla qarşılıqlı əlaqələrin təşkilində tərəflərə kömək etmək daxildir”. 

Qərarda o da deyilir ki, İdarələrarası Mərkəzin yaradılması və istismarı ilə bağlı təşkilati və digər məsələlərin həlli Rusiya Müdafiə Nazirliyinə həvalə olunub. 

Hüquqşünasın fikrincə, beləliklə, İdarələrarası Mərkəzə tabe olan sülhməramlıların fəaliyyəti qeyd olunan fərmanla tənzimlənir. 

F. Mehdiyev həmçinin qeyd edir ki, hazırda Azərbaycan tərəfi üçün sıxıntı yarada biləcək əsas məsələ Rusiya sülhməramlılarının ora nəzarətsiz sayda FHN qüvvələrini toplaması və onların da DQ-da hökümət səlahiyyətlərini icra etməsidir: "Yarı-hərbi birləşmə olan bu qüvvələrin sayı sülhməramlılardan çoxdur”.   

Xatırlatma

Sentyabrın 27-də Azərbaycanla Ermənistan arasında başlanan II Qarabağ müharibəsi noyabrın 10-na qədər davam edib. 
 
44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəkliyin azad olunduğu bildirilir.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Aytac Məmmədli