21:24, 27 Mart 2020 (Cümə) 744

Rayonlara giriş-çıxış məhdudlaşdırılıb: Şəkidən xəbər var

Rayonlara giriş-çıxış məhdudlaşdırılıb: Şəkidən xəbər var
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan başqa digər şəhər və rayonlara da giriş-çıxış məhdudlaşdırılıb. 

Toplum Tv-nin Şəki müxbiri xəbər verir ki, analoji hal Şəki rayonunda da qeydə alınıb. 

Rayonda karantin vəziyyət ilə bağlı Daxili İşlər Nazirliyi və Daxili Qoşunların birgə postları qurlub.

Ölkənin bir çox bölgəsində şəhərlərin girişinə postlar qurulub, gəlib-gedən maşınlar yoxlanılır. Həmçinin Şəkidə də bu tədbirlər fasiləsiz olaraq davam etdirilir. 

Bölgə müxbirimiz bildirir ki, Şəkinin Oğuz rayonu ilə sərhəd nöqtəsində, şəhərin girişində və Qax rayonu ilə sərhəd nöqtələrində postlar qurulub. 

Polis əməkdaşlarının dediyinə görə, bu tədbirlər bütün dünyanı öz təsiri altına alan "Covid -19” virusunun yayılmasının qarşısını almaqdan ötrüdür.
 


Digər tərəfdən rayonun özündə və kəndlərində bütün ictimai iaşə obyektləri, kafe və restoranlar bağlanılıb. Meyvə və tərəvəz bazarından, ərzaq mağazalarından və supermarketlərdən başqa bütün mağazaları fəaliyyətini qeyri-müəyyən vaxta qədər dayandırıb.
 


Polis əməkdasları şəhərin küçələrini gəzərək insanları evdən çıxmamağa səsləyir.

Məlumatı DİN-də təsdiqləyib. 

DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, bu addım xüsusi karantin rejimi çərçivəsində insanların sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.

E. Zahidov qeyd edib ki, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, digər şəhər və rayonlara da giriş və çıxış məhdudlaşdırılıb.

Martın 24-ü saat 00:00-dan etibarən Azərbaycanda karantin rejimi tətbiq olunur. 

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilən koronavirusa (Covid-19) Azərbaycanda indiyədək 165 nəfər yoluxub, 3 nəfər ölüb. Yoluxan xəstələrdən 6 nəfərin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Vüsal Süleyman
Şəki-Bakı-Şəki