17:19, 12 Fevral 2019 (Çərşənbə axşamı) 590

REAL MSK-ya çağırış edib

REAL MSK-ya çağırış edib
Respublikaçı Alternativ Partiyası (REAL) Mərkəzi Seçki Komissiyasına və vətəndaşlara çağırış edib.

"Mərkəzi Seçki Komissiyası ölkəboyu seçici siyahılarının dəqiqləşdiriməsinə başladığını elan edib. Seçici siyahılarının dəqiqləşdirilməsi və nəticə etibarilə, səsvermə hüququ olan vətəndaşların seçici siyahılarına daxil edilməsi azad-ədalətli seçkilərin təşkili üçün ilkin şərtlərdən biridir", - çağırışda deyilir.

Partiya bütün seçki komissiyalarını siyahı hazırlanmasında aşağıdakı vəzifələrə xüsusi diqqət ayırmağa çağırır:
 
 - əvvəlki seçkilərdə adları siyahıda olmayan vətəndaşların müəyyən edərək siyahılara daxil edilməsi; 
 - vəfat etmiş seçicilərin adlarının siyahıdan çıxarılması;
 - bir seçicinin bir neçə dairə ya da məntəqədə siyahıya daxil edilməməsi.
 
REAL ölkə vətəndaşlarına da müraciət edərək, adlarının seçici siyahısında olmasını təmin etmək üçün qanunla nəzərdə tutulan vasitələrdən istifadə etməyə çağırır: "Bu işdə məlumat və istənilən texniki dəstək verməyə hazırıq". 

REAL Partiyası Bakı meriyasının seçkili olmasını, devalvasiyadan irəli gələn kredit faizləri probleminin ədalətli həlli, dövlətin ali məktəblərdə təhsil alan tələbələrin təhsil haqqını tam ödəməsi ilə bağlı üç qanun layihəsindən ötrü imzatoplama kampaniyası keçirir.

Konstitusiyanın 96-cı maddəsinə görə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşı qanunvericilik təşəbbüsü ilə çıxış edə bilər.

Partiyası ötən ilin noyabrın 19-dan kampaniya çərçivəsində 33 min imza toplayıb.

Pərvanə Qurbanlı
Toplum Tv