14:10, 06 Noyabr 2019 (Çərşənbə) 213

ReAL Partiyası Məclisinin başqanı istefa verib - VİDEO

ReAL Partiyası Məclisinin başqanı istefa verib - VİDEO
 
Respublika Alternativ Partiyasının (ReAL) Ali Məclisinin başqanı Azər Qasımlı noyabrın 6-da partiyadan istefa verib. 
 
O, istefa bəyanatını bugün keçirilən mətbuat konfransında səsləndirib.

Azər Qasımlı sədr İlqar Məmmədovu ReAL Partiyasında avtoritarizm qurmaqda ittiham edib və bunu noyabrın 3-də partiyanın bütün strukturlarını buraxmaqla, qurultaya hazırlaşmasında göstərib.

Onun fikrincə, İlqar Məmmədovun təklif etdiyi strukturlarda nə hesabatlılıq, nə məsuliyyət, nə yerli təşkilatlar, nə də üzvlərlə kommunikasiya olacaq:

"Sadəcə, bir sədr olacaq. O da zaman-zaman fitvalar verəcək, statuslar yazacaq. Bütün üzvlər də sədrin nə dediyini gözləyəcək. Sədr deyəcək mitinqə gedin, onlar da gedəcək. Yəni İlqar Məmmədovun təklif etdiyi strukturun mahiyyətin bundan ibarətdir”.

Azər Qasımlı deyib ki, o, özünü bu strukturda görmür.

Onun fikrincə, özünü bu strukturda görmək hakimiyyətin avtoritar oyunlarında iştirak etmək deməkdir.

"Gözəl sözlərin arxasında gizlənmək olar, zatən tarix də bu cür yazılıb. Hitler də, kommunistlər də gözəl sözlərin arxasında gizlənərək totalitar rejim yaradıb. Müəyyən zamandan sonra ReAL Partiyası sıradan çıxarılacaq. Mən başlanan prosesin arxasında bunu görürəm”.

Ancaq Azər Qasımlı siyasətdən getmədiyini bildirib:

"Siyasətdən, ReAL ailəsindən getmirəm. Yalnız İlqar Məmmədovun partiyasından gedirəm. Mən özümü bu partiyada görmürəm. Hesab edirəm ki, adamın partiyası yox, partiyanın adamı olmaq lazımdır. Ancaq indiki mərhələdə, yaxın bir ildə mən partiya yaratmayacam. Bu, siyasətdən kənar qalmağım kimi qəbul edilə bilməz”.

A.Qasımlı partiyada onun mövqeyini digərlərinin bölüşməsi ilə bağlı suala konkret cavab verməyib:

"İlqar Məmmədovun təkliflərinin keçməsi sıfra bərabər idi. Mən şəxsən bu təkliflərin keçməsi üçün çox çaba göstərdim. Buna görə bütün məclis üzvlərindən qurultaya getmələrini xahiş etdim. Əks təqdirdə həmin məclisdən iki ReAL Partiyası çıxacaqdı. Mən isə bunu istəmirdim, çünki bu, 90-lardan qalan ənənədir, Ona görə bu prosesdə iştirak etmədim. Hesab edirəm ki, düzgün addım atmışam”.
 
Zərifə Novruz