13:01, 13 Mart 2019 (Çərşənbə) 300

Redaktor həbsdə qaldı

Redaktor həbsdə qaldı
Martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən reallıq.info saytının redaktoru İkram Rəhimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Vəkil Elçin Sadıqov martın 12-də keçirilən iclasda müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət qaldırmışdı. Hakim isə vəsatətin yazılı şəkildə təqdim edilməsini istəmişdi.

Bu gün təqdim olunan həmin vəsatət təmin edilməyib.

Məhkəmə prosesi martın 27-nə təyin edilib.

Cinayət işində zərərçəkmiş kimi 6 şəxs tanınıb.

Rüşvətdə suçlanan redaktorun məhkəməsi başlayıb
Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən reallıq.info saytının redaktoru İkram Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Prosesdə çıxış edən vəkil Elçin Sadıqov bildirib ki, ittiham aktını yeni əldə edib. O, müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini, cinayət işinə xitam verilməsini istəyib.

Hakim isə E.Sadıqova vəsatətini yazılı şəkildə təqdim etməli olduğunu söyləyərək prosesi martın 13-dək təxirə salıb.

İ.Rəhimovu ötən il oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları saxlayıb.

Ardınca onun haqqında məhkəmənin qərarı ilə həbs- qətimkan tədbiri seçilib. O tutulmazdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə izlənildiyini və təqib olunduğunu bildirib.

Bu açıqlamaya Ə.Həsənovdan hər hansı münasibət almaq mümkün olmayıb. Ancaq Mətbuat Şurasından onun açıqlamalarını əsassız sayıblar.

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsinin məlumatında isə İ.Rəhimovun başqalarından pul tələb etməkdə günahlandırıldığı qeyd olunurdu: «İkram Rəhimov Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) maddələri üzrə şübhəli şəxs kimi saxlanaraq, cinayət məsuliyyətinə cəlb edilib».

İ.Rəhimov 2016-cı ildə böhtana görə 1 illiyə azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılmışdı. O, onda da ittihamı qəbul etmirdi.

Azadlıq Radiosu