18:21, 23 Sentyabr 2019 (Bazar ertəsi) 393

Redaktorun ailəsi: "İkram Rəhimov aclığı davam etdirir"

Redaktorun ailəsi:
"Realliq.info" saytının redaktoru İkram Rəhimov sentyabrın 18-dən həbsdə olduğu 1 saylı Bakı İstintaq Təcridxanasında başladığı aclığı davam etdirir.

Bu barədə İkram Rəhimovun ailəsi "Amerikanın Səsi"nə bildirib.

"İkram bu gün evə zəng etmişdi. O, aclığı davam etdirdiyini, səhhətinin ağırlaşdırğını bildirdi. İkram aclığa başlaması ilə bağlı Penitensiar Xidmətə rəsmi mütraciət etdiyini dedi", deyə ailə üzvü qeyd edib.

Bununla yanaşı, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Mərkəzi İkram Rəhimovun aclıq etməsi ilə bağlı xəbəbləri "Amerikanın Səsi"nə təsdiq etməyib.

Realliq.info saytının redaktoru İkram Rəhimov 2018-ci il oktyabrın 26-da saxlanılıb, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunub və həbs edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, İkram Rəhimov tabeçiliyində olan şəxslərlə birlikdə Realliq.info və digər "reket" informasiya saytları yaradıb, həmin internet-qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb, dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Məlumatda deyilir ki, məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.

2019-cu il iyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib.

Jurnalist məhkəmədə həbsinin Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovla bağlı olduğunu deyib.