11:47, 19 Sentyabr 2019 (Cümə axşamı) 78

Redaktorun həbs müddəti 3 ilə endirilib

Redaktorun həbs müddəti 3 ilə endirilib
Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində "realliq.info" saytının redaktoru İkram Rəhimovun barəsində hökmdən şikayətə baxılma prosesi başa çatıb.

Azadlıq Radiosu xəbər verir ki, buu barədə məlumatı  İ.Rəhimovun yaxınları bildiriblər. 

Onların sözlərinə görə, apellyasiya instansiyası İ.Rəhimovun hədə yolu ilə pul tələb etməkdə təqsirli olduğunu təsdiqləyib. Lakin məhkəmə onun barəsində Cinayət Məcəlləsinin (CM) 62-ci maddəsini (qanunla nəzərdə tutulduğundan az cəza təyin etmək) tətbiq edərək həbs müddətini 5 il 6 aydan 3 ilə endirib.

Yaxınları bildiriblər ki, İ.Rəhimov son sözündə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovu və Mətbuat Şurasını tənqid etdiyinə görə uydurma ittihamla təqib olunduğunu iddia edib. Məhkəmə onu həbsdən azad etmədiyi halda yenidən aclıq aksiyasına başlayacağı xəbərdarlığını verib.

İ.Rəhimovun son açıqlamasına, hələlik, prezidentin köməkçisi Əli Həsənov və Mətbuat Şurasından münasibət almaq mümkün olmayıb.

Onun aclıq aksiyasına başlayacağı haqqında dediklərini də Penitensiar Xidmətdən dəqiqləşdirmək mümkün olmayıb.

İ.Rəhimov avqustun 7-dən sentyabrın 5-nə kimi aclıq aksiyası keçirmişdi. Bunu Penitensiar Xidmətdən də təsdiq etmişdilər. Yaxınlarının bildirməsinə görə, o, aclıq aksiyasını məhz səhhəti ağırlaşdığından xahişləri nəzərə alaraq dayandırıb.

"realliq.info" saytının redaktoru İkram Rəhimov 2018-ci il oktyabrın 26-da hədə yolu ilə pul tələb etməkdə günahlandırılaraq həbs olunub. 2019-cu il iyunun 12-də məhkəmə onu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

İ.Rəhimov tutulmazdan əvvəl də prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə izlənildiyini bildirmişdi. Onda da bu açıqlamaya Ə.Həsənovdan hər hansı münasibət almaq mümkün olmamışdı. Ancaq İ.Rəhimovun tənqid etdiyi qurumlardan biri - Mətbuat Şurasından onun açıqlamalarını əsassız saymışdılar. Qurumdan bildirmişdilər ki, onlar da İ.Rəhimovun fəaliyyəti ilə bağlı oxşar məzmunlu şikayətlər alıblar.