17:45, 22 Yanvar 2020 (Çərşənbə) 414

“Rəis dedi ki, başını soxun unitazın içinə”

“Rəis dedi ki, başını soxun unitazın içinə”
Yanvarın 13-dən həbsdə olan AXCP fəalı Əlizamin Salayevin polis idarəsində işgəncəyə məruz qaldığı bildirilir.
 
Meydan TV xəbər verir ki, bu barədə AXCP-dən məlumat verilib.

"Günlərdir, hətta ailə üzvlərini də onunla görüşə buraxmayıblar. Bir gün əvvəl öyrəndik ki, səbəbsiz deyilmiş. O, ağır işgəncələrə məruz qalıb, üzərində ciddi xəsarətlər var. Bu üzdən Əlizamin bəyi gizlədirlərmiş”.

AXCP-dən deyilənləri oğlu Oqtay Salayev də təsdiqləyib. Bildirib ki, onun atasıyla görüşünə icazə verilməyib. O.Salayev atasının yazdığı məktubu da Meydan TV-yə təqdim edib. Ə.Salayev məktubda işgəncəyə məruz qalmasından bəhs edir, harada və necə döyüldüyünü yazır.

Ə.Salayev məktubunda yazılıb ki, yanvarın 13-də Səbail Rayon Məhkəməsində onun haqqında 30 sutkalıq həbs qərarı çıxarılandan sonra Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə qaytarıblar:

"İkinci mərtəbəyə qaldırdılar, sola dönəndə tualetin yanında bir otağa saldılar. Bölmənin rəisi gəldi, 20-yə qədər də polis dəhlizdə düzüldü. Məni otaqdan çıxarıb, tualetə apardılar. Video vasitəsilə tualeti yumağa məcbur etmək istədilər. Mən imtina edəndə rəis dedi ki, "döyün”. Qolumu qandalla arxadan bağladılar. Tualetin içində döyməyə başladılar. Rəis dedi ki, "başını soxun unitazın içinə”. Sonra yerə yıxıb, üstümə çıxıb təpikləməyə başladılar. Bir saata yaxın tualetdə döydülər. Bədənimin hər yeri xəsarətdir. Sonra məni Səbail Rayon Polis İdarəsinin rəisinin otağına apardılar. O, məni nalayiq söyüşlərlə təhqir etdi, vurdu, sonra da dedi ki, "aparın "podvala”, sındırın”. Məni "podvala” düşürdülər. Rəisin üç müavini və əməliyyat qrupu paltarlarımı soyundurdular. Lüt formada, videokamera ilə çəkilişlə tualeti və yeri yumağa məcbur etmək istədilər. İmtina elədim. Dizlərim üstdə yerə oturmağa məcbur elədilər. Etiraz elədim, qoluma arxadan qandal vurub, döyməyə başladılar. Qarnımın üstündə oturub, partlatdılar. Başımı da partladıblar. Gecə saat 12 radələrində məni inzibati həbs yerinə gətirdilər”.

Oğlunun sözlərinə görə, Ə.Salayevin qarnında yırtıq partlayıb, durumu o qədər ağır olub ki, polislər onu xəstəxanaya aparmağa məcbur olublar: "Orada "qrıja” partlamasına görə həkimlər əməliyyat eləmək istəyib. Polislər qoymayıb, deyiblər ki, "ilkin tibbi yardım göstərin, kifayətdir”.
 

 
Vəkil Cavad Cavadov yanvarın 22-də təcridxanada Ə.Salayevlə görüşüb. Vəkil bu haqda ətraflı danışmaq istəməyib. Qısaca bunları deyib: "Səbail Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcəyik. Çünki qərarın əsassız olduğunu bildirir. Digər şikayətlərilə bağlı da hüquqi baxımdan nə lazımdırsa, edəcəyik”.

Daxili İşlər Nazirliyindən Ə.Salayevin işgəncəyə məruz qalması barədə deyilənlərlə bağlı mövqe öyrənmək mümkün olmayıb.

Ə.Salayev yanvarın 13-də partiyanın digər fəalları Nicat Abdullazadə və Ceyhun Novruzovla birlikdə saxlanılıb. N.Abdullazadənin sözlərinə görə, onlar kafedə yemək yeyərkən polislər gəlib aparıb. 8-ci polis bölməsində onun və C.Novruzovun haqqında xırda xuliqanlıqla bağlı protokol tərtib olunub, hər birini 50 manat cərimələyiblər, Ə.Salayev isə həbs olunub: "Protokol tərtib etdilər ki, guya biz kafenin qabağında söyüş söymüşük”.

AXCP isə Ə.Salayevin sifarişlə həbs olunduğunu iddia edir. Çünki Ə.Salayev həbsindən bir neçə gün əvvəl "Youtube" kanalında Salyan Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi Həmzə Əzizovu videoya çəkərək paylaşmışdı. O, videoda H.Əzizovu 21 yaşlı qıza təcavüzdə ittiham edirdi. Polis rəisi isə Ə.Salayevin dediklərini təkzib edir, ona "qızın nəslində kişi yoxdur ki, sən bu məsələyə qarışırsan?" deyə cavab verirdi.