14:55, 22 Avqust 2019 (Cümə axşamı) 87

“Rəis deyir ki, məni bura İlham Əliyev göndərib”

“Rəis deyir ki, məni bura İlham Əliyev göndərib”
Penitensiar Xidmət: "Həqiqətəuyğun olmayan məlumatlardır"

13 saylı Cəzaçəkmə Müəssisəsindən yenə işgəncə faktları ilə bağlı iddialar var. 

Nidaçı fəal, keçmiş siyasi məhbus Bayram Məmmədov şəxsi feysbuk hesabında yazıb ki, may ayından indiyə kimi cəzaçəkmə müəssisəsinin rəisi 2 dəfə dəyişdirilsə də, bu, işgəncə faktlarının azalmasına yox, kəskinləşməsinə səbəb olub.

O bildirir ki, cəzaçəkmə müəssisəsində də işgəncə və adminstrasiya tərəfindən edilən özbaşınalıqlar davam etməkdədir.

Bayram Məmmədovun sözlərinə görə, cəzaçəkmə müəssisəsinə yeni təyin olunan rəis Çingiz Yunusov ilk olaraq məhkumları toplayıb və onlara: "Məni bura İlham Əliyev (Prezident nəzərdə tutulur. red) göndərib”, - deyib. 

Keçmiş siyasi məhbus bildirir ki, Çingiz Yunusov qadağan edilmiş spirtli içki sayılan "braqa” (qıcqırdılmış meyvə) düzəltdiklərinə görə məhkumları qanunla müəyyən edilmiş formada "kars”la cəzalandırmaq əvəzinə, həmin içkini onların başlarına tökür və öz şəxsi telefonuna çəkir.

İddiaya görə, Çingiz Yunusov müalicə müəssisəsində əməliyyatdan qayıtmış yaşlı bir məhkumu  "Nə isə səndən xoşum gəlmədi” deyərək "kars”la cəzalandırıb və məhkum artıq neçə gündür "kars”dadır.

Bayram Məmmədov ToplumTV-yə bildirib ki, ona bu məlimatları ötürən məhkum öz təhlükəsizliyinin qorunması üçün adının açıqlanmasını istəmir.

Ədliyyə Nazirliyi Penitensiar Xidməti isə məlumatı təkzib edib. 

Qurumun  İctimaiyyətlə əlaqələr şöbəsindən "Report.az"a bildirilib ki, bu yayılan məlumatlar həqiqəti əks etdirmir: "Son günlər ərzində bəzi sosial şəbəkələrdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 12 və 13 saylı cəzaçəkmə müəssisələrində ayrı-ayrı məhkumlara qarşı müəssisə rəhbərliyi tərəfindən zorakılıq hallarına yol verilməsi barədə iddialar yer alıb.  Bunlar həqiqətəuyğun olmayan məlumatlardır".

Penitensiar xidmət bildirir ki, istər göstərilən cəzaçəkmə müəssisələrində, istərsə də xidmətin digər tabe qurumlarında saxlanılan məhkum və həbs edilmiş şəxslərin hüquq və qanuni mənafelərinin qorunması xidmət rəhbərliyinin daimi olaraq ciddi nəzarəti altındadır: "Bununla belə, ayrı-ayrı məhkumların qanunvericilikdə nəzərdə tutulmamış imtiyazlara nail olmaq məqsədilə saxlanma qaydalarının pozulmasına, cəzaçəkmə müəssisəsinin rəhbərliyinin qanuni tələblərinə riayət olunmasından imtina etməsinə yönələn hərəkətlərinin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qarşısı alınır.

Ədliyyə Nazirliyi Penitensiar xidməti tərəfindən tabe qurumlarda həyata keçirilən islahatlar, məhkum və həbs edilmiş şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması, islah-tərbiyə prosesinin səmərəliliyinin artırılması, habelə xidmətin bütün fəaliyyət sahələrini əhatə edən tədbirlərin həyata keçirilməsinə dair ictimaiyyətə əvvəllər olduğu kimi müfəssəl məlumat veriləcək".

Vüqar Mirzəbəy