19:06, 18 İyul 2019 (Cümə axşamı) 153

Çörək yenidən bahalaşa bilər

Çörək yenidən bahalaşa bilər
"Buğdanın əhəmiyyətli dərəcədə bahalaşması çörəyin qiyməti üzərində təzyiqləri xeyli artırıb”.

Bu sözləri iqtisadçı Nemət Əliyev çörəyin qiyməti ilə bağlı araşdırmasından sonra gəldiyi nəticəyə əsasən deyib: "Hazırda kiloqramı 38-39 qəpiyə satılan buğda keçən ilin bu vaxtı kiloqramı 23-25 qəpiyə satılırdı. Kiloqramı 35-38 qəpiyə olan arpa isə keçən il 25-27 qəpiyə satılıb”.

Rəqəmlərdən aydın olur ki, buğda ötən ilə nəzərən 55-65 faiz, arpa isə 40-41 faiz səviyyəsində bahalaşıb. 

İqtisadçı deyir ki, taxıl istehsalının qızğın çağında bahalaşma deyil, ucuzlaşma yaşanmalıydı: "Ucuzlaşma olmasa da, bu dərəcədə bahalaşma olmamalıydı. Ona görə ki daxili bazarlara mal təklifi çoxalıb”.

Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının açıqladığı məlumata görə, 2018-ci il 9 iyul tarixinə sahələrdən 2 milyon 319 min ton taxıl tədarük olunub.

Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda isə 2019-cu il 9 iyul tarixinə sahələrdən 2 milyon 885 min ton taxıl tədarük olunduğu bildirilib.

Bu iki göstəricinin müqayisəsindən məlum olur ki, ötən ilə nəzərən taxıl tədarükü bu il 566 min ton və ya 24 faizdən çox artıb. Yəni yerli istehsal hesabına bazarlara yarım milyon tondan çox buğda və arpa çıxarılıb. Həmçinin idxal etdiyimiz buğda da artım var.

Dövlət Gömrük Komitəsi isə yanvar-iyun dövrünə dair məlumat açıqlayaraq bildirib ki, xaricdən bu il 576,489 min ton buğda alınıb. 

Ötən il həmin göstərici  538,781 min ton buğda idi. Yəni, idxal hesabına da daxili bazarlara buğda təklifi bu il 7 faizə qədər artıb. Ölkə də buğda istehsal hesabına 24 faiz, idxal hesabına 7 faiz artıb.

Eksprt deyir ki, bu hal qiymətlərin səviyyəsinə mütləq azaldıcı təsir göstərməliydi: "Normalda buğda və arpa ucuzlaşmalıydı. Lakin ucuzlaşmayıb. Nəinki ucuzlaşmayıb, hətta bazar iqtisadiyyatının əsas qanunu olan tələb-təklif qanununun ziddinə olaraq kəskin bahalaşıb”.

Ekspert deyib ki, əhalinin gəlirləri ilə bahalaşma səviyyəsi arasında düz-əməlli tənzimləmə həyata keçirilməzsə, ölkədə həyat səviyyəsi daha da düşəcək: "Taxılın hazırkı bahalaşma səviyyəsi taxıl istehsalına dair açıqlanan rəsmi məlumatların həqiqiliyini böyük sual işarəsi altına alır. Həm də çörəyin qiymətləri üzərində təzyiqləri xeyli artırıb və bu davamiyyət çörəyin növbəti bahalaşması ilə nəticələnəcək”.

Ekspert, həmçinin bahalaşmanın quşçuluq və heyvandarlıq təsərrüfatlarına təsirinin qaçılmaz olduğunu deyib.

Uğur Fərzəli