23:43, 24 Mart 2020 (Çərşənbə axşamı) 368

Çörəkbişirmə sexi: “Dezinfeksiyaedici maddələrə, maska və əlcəklərə xüsusi diqqət yetirilir”

Çörəkbişirmə sexi: “Dezinfeksiyaedici maddələrə, maska və əlcəklərə xüsusi diqqət yetirilir”
Bu dəfə Novruz bayramında bəzi xanımlar bişirdikləri şirniyyatlardan çox, evdə hazırladıqları çörəklərin fotosunu, reseptini paylaşmağa başlayıblar. 

Birinci təcrübəsi uğursuz olanlara isə başqaları canla-başla məsləhət verirlər. Bu bir  yandan xüsusi rejimli karantin günlərində bazara-dükana çıxmamaq üçün atılan addımdırsa, bir yandan da ehtiyatllılqdan irəli gəlir. 

56 yaşlı Bakı sakini Zərifə Mahmudova deyir ki, bu günlərdə koronavirus təhlükəsinə görə hər şeyə, xüsusən də gigiyena tədbirlərinə xeyli diqqət edir: "Əvvəllər də televiziyada çörək sexlərindəki antisanitar vzəiyyət haqda o qədər danışıblar ki... Onda görsən də görməzliyə qoyurdun, deyirdin əşi, heç nə olmaz. İndi infeksiyanın yayıldığı vaxtda adamın ağlına hər şey gəlir. Ona görə evdə çörək bişirməyə başladım. Ətrindən doyursan elə, dadı da çox yaxşıdır. Uşaqlar deyir ki, ana əvvəl niyə çörək bişirmirdin?”  

Toplum. TV bir neçə çörək sexi ilə əlaqə saxlayıb. 

"Əhmədli” çörək sexindən verilən məlumata görə, 3 gün öncə dövlət tədbirləri çərçivəsində sex və daşınmada istifadə olunan maşınlar dezinfeksiya edilib. Satış müdiri Süleyman Adıgözəlov deyir: "Biz elə əvvəllər də səhər və axşam olmaqla gündə iki dəfə təmizlik işləri aparırdıq. İstehsalatda maska və əlcəklərdən istifadə edirik”. 

"Nur” çörək zavodundan müdir müavini Emin Hümbətli zavodun özündə və ətrafında dezinfeksiya işlərinin aparıldığını deyir. Onun sözlərinə görə hər gün işçilərin sağlamlığı da yoxlanılır: "Zavoda daxil olarkən işçilərin temperaturu yoxlanılır. Dezinfeksiyaedici maddələrdən, maska və əlcəklərdən  istifadəyə xüsusi diqqət yetirilir”. 

E. Hümbətli bu qaydaların kənar şəxslərə də tətbiq edildiyini əlavə edir. 

O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) hələlik xüsusi göstərişlərin gəlmədiyini bildirir: "Biz əməkdaşlıq etdiyimiz dezinfeksiya işlərini həyata keçirən şirkətlərlə əlavə tədbirlər görməyə çalışırıq”. 

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovsa deyir ki, istehlakçı istəsə çörəyi ala, istəsə evdə bişirə bilər: "Amma diqqət yetirilməli başlıca məsələ çörək bişirilməsi zamanı düzgün texnologiyalardan istifadə etməkdir, əks halda istehlakçının səhhətinə zərər dəyər", - AİB sədri əlavə edir. 

E.Hüseynov bunu da xüsusi vurğulayır ki, bu gün koronavirusun qida məhsulları ilə yayılması gündəmdə deyil: "Hər halda, AQTA-nın əsas vəzifəsi mövcud vəziyyətdə prosesi ciddi şəkidə izləməkdir. Qida zəncirində iştirak edən sexlərin izlənməsi həyata keçirilməlidir və nizamnamədə göstərilən tədbirlərə uyğun hərəkət edilməlidir”. 

Toplum.TV AQTA ilə əlaqə saxlasa da, çörəkbişirmə sexlərindəki vəziyyətlə bağlı suallara cavab ala bilməyib. 

Vüsalə Mikayıl