15:35, 05 Sentyabr 2019 (Cümə axşamı) 149

"Rəsmi hər yerə çəkmək olur, mən daşları seçdim" - REPORTAJ

İncəsənət insan hisslərini təsvir edən vasitədir. Həmçinin istənilən fəaliyyət sahəsində insanın göstərdiyi yüksək bacarıq, məharət də önəmlidir. 

İncəsənətlə məşğul olmaq üçün xüsusi bir istedaddan başqa güclü təxəyyül qabiliyyəti olmalıdır. Bu onu digər insanlardan fərqləndirən əsas meyardır.
 
Azərbaycanda son zamanlar istedadlı gənclərin çoxluğunu görürük. 

Bu da internetin və sosial şəbəkələrin gücü ilə əlaqədardır ki, istedadı olan insanlar özlərini daha rahat şəkildə ifadə edə bilirlər.

Belə gənclərdən biri də Gülnar Babayevadır. 

22 yaşlı gənc xanım Sumqayıt şəhər sakinidir. 

O oxuduğu sahə üzrə deyil, öz istədiyi sahə üzrə işləyir.

"İqtisad Universitetində Biznes və menecment fakultəsində təhsil almışam. Universiteti bu il bitirmişəm. Hər kəs kimi uşaqlıqda şəkil çəkməyi sevirdim. İndi isə özümü bu sahədə inkişaf etdirirəm”, - deyir.
 
 

"Sənətə maraq düşündüyümdən çoxdur”
 
Gülnarın sözlərinə görə, iki il bundan qabaq sosial şəbəkədə özünə səhifə açıb və əl işlərini oradan paylaşmağa başlayıb: "Əvvəlcə məqsədim sadəcə hazırladığım əl işlərimi insalarla paylaşmaq idi. Kətan üzərində yağlı boya və karandaşla işləyirəm. Daş üzərində çəkməyə gəlincə, düşünürdüm ki, fərqli nələrsə etmək lazımdır. Daha maraqlıdır və diqqət cəlb edir. Əslində mənə görə hər yerdə sənət var. İstədiyiniz rəsmi hər yerə: divara, kağıza, kətana, daşa hətta yarpağa belə çəkmək olar. Mənim seçimim isə daşlar oldu”.
 
 

"Fərqli nələrsə etmək lazımdır...”
 
Gənc rəssam deyir ki, daşları seçmək üçün xüsusi bacarıq lazım deyil. Daşların hamar və formalı olması yetərlidir: "İşlətdiyim daşlar əsasən 13-14 santimetrlik olur. Bir də çəkəcəyim şəkilə uyğun olaraq formalı olmasına diqqət etməyə çalışıram. Əvvəllər daşları rəngləməkdə yağlı boyadan istifadə edirdim. Bu isə vaxt itkisinə gətirib çıxarırdı. İndi akrilik (yağlı, sulu boya növü) boyadan istifadə edirəm. İş bitdikdən sonra rəsmin üzərini parlaq və dayanıqlı olması üçün "verniks” vururam”.
 
 

Gülnar Babayeva deyir ki, işə başladığı gündən ətrafındakı hər kəsin dəstəyini alıb: "İşimlə bağlı mənə qarşı çıxan olmayıb. Ailəm və dostlarım hər zaman dəstək olublar. Fikrimcə, sənətlə məğul olan insanlar üçün ən böyük motivasya dəstəyi insanların əsərlərini bəyənməsidir. Düşünəndə ki məni heç tanımayan insanlar əsərlərimə baxıb zövq alır, çox sevinirəm”.
 
Gülnar Babayeva onu da deyir ki, seçdiyi ixtisas üzrə öyrəndikləri indi işinə kömək edir: "Son iki ilimi daşlarla işləməyə vermişəm. Buna görə çox kursa getmişəm. Bu sahədə özümü daha da inkişaf etdirmək istəyirəm. Həyatda gözəl nələrsə etmək istəyirəm. İnsan hər zaman özünü inkişaf etdirməlidir, buna görə də istəyirəm bu sahə üzrə təhsil alım. Əslində oxuduğum ixtisas da çox köməyimə çatır. Satış və reklam haqqında öyrəndiklərimi indi istifadə edirəm, çox yararlıdır”.
 



Əbülfət Baxşəli