12:55, 14 Avqust 2019 (Çərşənbə) 35

"Rəsulzadə" adına gəmi qəzaya uğrayıb



/ DÜNYA
Avqustun 13-də işadamı Mübariz Mənsimova məxsus "Məmməd Əmin Rəsulzadə" adlı gəminin Liberiya bayraqlı "Doric Warrior" gəmisi ilə toqquşduğu bildirilir.

Bu barədə M.Mənsimov özü sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, gəmi dayandığı yerdə başqa gəmi tərəfindən vurulub.

Hadisənin Ahırkapı Dəmir bölgəsində (Türkiyə sahilləri) meydana gəldiyi bildirilir.

"Şükür ki, hər şey normaldır və təhlükəli vəziyyət yoxdur. Məsələni sonuna qədər araşdıracağıq. «Rəsulzadə» gəmisinə çarpan gəmi ondan 10 dəfə böyük olsa da, gəmimiz batmadı" - o vurğulayıb.

"Palmali" şirkətinin yaydığı açıqlamada da yazılıb: "Bölgəyə Sahil Təhlükəsizliyi Baş İdarəsinin 3 xilasedici gəmisi cəlb edilib. Xoşbəxtlikdən xəsarət alan yoxdur, lakin toqquşma nəticəsində gəmiyə zərər dəyib".

Hələlik, bu açıqlamaya "Doric Warrior" gəmisinin rəsmilərindən münasibət almaq mümkün olmayıb.

M.Məsimov ötən il rəhbərlik etdiyi şirkətə mənsub gəmilərdən birinə "Məmməd Əmin Rəsulzadə" adının verildiyini açıqlamışdı.

Məhəmməd Əmin Rəsulzadə 1918-1920-ci ildə mövcud olan və Rusiyanın silahlı müdaxiləsi ilə süqut edən Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olub. Azərbaycanın müxalif liderlərinin bildirməsinə görə, hazırda hakimiyyətdə M.Rəsulzadəyə qısqanclıq var və bu üzdən onun adı ölkədə yetərincə əbədiləşdirilməyib. Onların vurğulamasına görə, M.Ə.Rəsulzadənin adı Bakı Dövlət Universitetindən götürülüb, bir sıra büstləri yığışdırılıb. Hakimiyyət rəsmiləri isə M.Ə.Rəsulzadəyə qısqanclıq bəsləmələri ilə bağlı deyilənləri qəbul etmirlər.