16:16, 31 İyul 2019 (Çərşənbə) 70

Rumıniyada nazir 15 yaşlı qıza görə istefa verib

Rumıniyada nazir 15 yaşlı qıza görə istefa verib


/ DÜNYA
Rumıniyada etirazlara səbəb olan 15 yaşlı Aleksandra Mekasanu cinayətindən sonra bu ölkənin daxili işlər naziri vəzifəsindən istefa verib.

Qaçırılıb təcavüz edilən qızın polisə 3 dəfə zəng vurmasına baxmayaraq, hüquq-mühafizə orqanlarının gec müdaxilə etdiyi ortaya çıxıb. 

Vətəndaşlar Aleksandra Mekasanunun qətlinə görə polisi və hökuməti günahkar hesab edir. 

Paytaxt Buxarestdə minlərlə vətəndaş əllərində "korrupsiya öldürür”, "onların qanı sizin əlinizdədir”, "Rumıniya öldürülür” pankartları ilə aksiya keçirib.

Rumıniya daxili işlər naziri Nikol Moqa Baş nazir Viktoriya Dansilayala görüşdükdən sonra istefasını açıqlayıb. 

Hökumətin qərarı ilə Baş prokuror da vəzifəsindən azad edilib.

Prezident Klaus Yohannis də yaşanan olaylarda hökuməti günahkar hesab edir. 

"Bu faciədə hökumətin günahı var. Ailə üzvlərini və dostlarını vəzifəyə təyin edərək ədalət sistemini məhv edənlərdən bəhs edirəm. Bütün bu olanlar hökumətin zəifliyinin və korrupsiyanın nəticəsidir”, - Prezident bildirib.

Vüqar Mirzəbəy