14:48, 30 Oktyabr 2018 (Çərşənbə axşamı) 168

Rusiya Boltonun Yerevandakı bəyanatlarını tənqid edib

Rusiya Boltonun Yerevandakı bəyanatlarını tənqid edib
Rusiya XİN ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun və ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin bu yaxınlarda verdikləri bəyanatlarla bağlı tənqidi şərh yayıb.

Belə ki, RF XİN Millsin bu yaxınlarda verdiyi müsahibəni "daxili işlərə birbaşa müdaxilədən fərqi olmayan ədəbsizlik" adlandırıb. Moskvanın fikrincə, səfir vida müsahibəsində "açıq-aşkar ölkə rəhbərliyinə iqtisadi siyasət məsələləri ilə bağlı təlimat verib və yerli ictimai təşkilatlara hökumətə nəzarət üçün böyük maliyyə vəsaiti vəd edib".

Bu günlərdə Yerevana səfər etmiş Con Boltona gəlincə, Moskva onu "açıq-aşkar Ermənistanın öz beynəlxalq münasibətlərində "tarixi klişedən" əl çəkməsini tələb etməkdə" ittiham edib (söhbətin Rusiya ilə ənənəvi dostluqdan getdiyi xüsusi olaraq gizlədilməyib). O, həmçinin bildirib ki, N.Paşinyandan ölkədə parlament seçkilərindən sonra Dağlıq Qarabağ nizamlanması üzrə təşəbbüsçü addımlar gözlədiyini bildirib. Təbii ki, Ermənistanın Rusiya silahı yerinə almalı olduğu Amerika silahını reklam etməyi də unutmayıb".

Sonda RF XİN "Azadlıq" radiosuna müsahibədə Boltonun dediyi bu ifadəyə də istehza edib: "Ermənistan üçün həqiqətən asılı və ya hədsiz xarici təsirə məruz olmaq deyil, tamamilə suveren olmaq çox vacibdir".

Göründüyü qədər, Moskvada hesab edirlər ki, Ermənistanın ABŞ-dan asılı olması çox pisdir, Rusiyadan tamamilə asılı olması isə yaxşı.